"Yeni Müsavat”ın 30 illik yubiley tədbiri keçirilib TƏDBİR

Bu gün “Yeni Müsavat” Media Qrupunun 30 illik yubiley tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ölkənin tanınmış ictimaiyyət nümayəndələri, dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, ekspertlər, eləcə də media mənsubları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Yeni Müsavat” Media Qrupunun rəhbəri, baş redaktor Rauf Arifoğlu qonaqları salamlayaraq, bu özəl tarixi günə qatıldıqları üçün hər bir iştirakçıya təşəkkürünü bildirib. O, qəzetin yarandığı dövrü, keçdiyi tarixi yolu tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Bu qəzet milli azadlıq hərəkatından doğan təsislərdən biridir. 30 il öncə xalqımız azadlığı və torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qalxmışdı. Biz də bu mübarizənin, meydan və səngər hərəkatının iştirakçılarından, könüllülərindən idik. Azərbaycan xalqı möhtəşəm bir özünütəşkil prosesi yaşayırdı: hər şey meydanlarda, ayaqda və dərhal həll olur, qurulurdu. Azadlıq Meydanında, xalq hərəkatının gedişində Azərbaycan Xalq Cəbhəsi quruldu, elə buradaca özünü müdafiə könüllü dəstələri yarandı və milli mətbuatın ilk qaranquşları da Meydan hərəkatında ortaya çıxdı. “Yeni Müsavat” qəzeti də Meydan hərəkatından, xalqın tələblərindən doğdu. Biz kommunizmə qarşı mübarizədə Müsavat adında təşkilat qurduq və bu təşkilatın qəzetini yaratmaq da mənim üzərimə düşdü. 30 il sonra məmnunluqla bildirirəm ki, bu işin öhdəsindən gələ bilmişəm və bu gün “Yeni Müsavat” milli azadlıq hərəkatının yaşayan azsaylı və ən uğurlu layihələrindən biri kimi zamanın, dövrün təlatümlərinə dözərək fəaliyyətini davam etdirir. Azərbaycanın son 30 ilini düşünün. Sovet hakimiyyətinin yıxılması, müstəqil Azərbaycan dövlətinin qurulması, erməni iddiaları nəticəsində Qarabağ və vətən müharibəsinin başlaması, illərlə davam etməsi, könüllü batalyonların, daha sonra milli ordunun qurulması, torpaqlarımızın işğalı, Xocalı soyqırımı, iqtidarların ard-arda dəyişməsi, siyasi təlatümlər, həbsxanalar, düşmənçiliklər, dostluqlar... Biz bunların hamısını Azərbaycanla bərabər həm yaşadıq, həm də yazdıq, tarixləşdirdik... Biz bu 30 ili özətləyəcək 30 dəqiqlik sənədli bir film çəkdik. İnşallah ki, bu cür layihələrimiz davamlı olacaq və biz öz hekayəmizi tarixə və oxucuya anlatmaqda davam edəcəyik”.

Daha sonra media qrupun 30 illik fəaliyyətinə həsr olunmuş video çarx təqdim olunub.

Filmin təqdimatından sonra əməyi keçən “ Yeni Müsavat” ın əməkdaşları baş redaktor tərəfindən mükafatlandırılıblar.

Daha sonra çıxış edən Prezident Administrasiyasının ictimai siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, "Yeni Müsavat" Media Qrupu öz üzərinə düşən missiyanı yerinə yetirən az mətbu orqanlarından biridir.

O söyləyib ki, "Yeni Müsavat" milli jurnalistikamızın təməl prinsiplərinin rəhbər tutaraq insanları məlumatlandırma, cəmiyyətdə gedən inkişaf proseslərini olduğu kimi işıqlandırmaq, cəmiyyəti narahat edən problemləri və onların çıxış yollarını göstərən bir mətbuat orqanı kimi uğurla fəaliyyət göstərir: “Media orqanı cəmiyyətdə nüfuz sahibi olaqla yanaşı, mətbua orqanları arasında özünə məxsus yeri var. “Yeni Müsavat” mətbuat orqanları arasında öz yerini liderlər sırasında möhkəmləndirib. Bu uğurlar əlbəttə ki, əməkdaşların peşəkarlığı, media qurumun idarəçiliyinin düzgün aparılması, rəhbərliyin fədakarlığı, qəzetin inkişafına qurban verməsidir”.

Ölkəmizdə dövlət tərəfindən mətbuata göstərilən diqqət və qayğıdan söz açan V. Əliyev qeyd edib ki, ölkədə söz və mətbuat azadlığı olmaqlqa yanaşı, dövlət tərəfindən mətbuata qayğı və dəstək göstərilir: “Belə ki, bu gün jurnalistlər, eləcə də mətbuat orqanları Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan ( KİVDF) bəhrələnir, xidməti olan qələm əhli dövlət mükafatlarına layiq görülür, jurnalistlərin mənzil və məişə şəraiti yaxşılaşdırılır. “Yeni Müsavat” da bu dəstəkdən yararlanır, bu qəzetin inkişafında gələcək uğurların formalaşmasında dövlətin öz dəstəyi var”.

PA rəsmisi əlavə edib ki, əgər bir qəzet 30 il fəaliyyət göstərərək özünü təsdiq edirsə, onun bundan sonra da yaşamağa, inkişaf etməyə, xalqa xidmət etməyə haqqı var: “Mən bundan sonra da onlara inamla addımlamağı arzu edirəm. Düzdür, bu çox çətindir, amma şərəflidir. Mən bu şərəfli işdə sizə uğurlar arzu edirəm”.

Tədbirin davamında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Şuranın son keçirilən iclasının “Yeni Müsavat”ın 30 illiyinə həsr olunduğunu dilə gətirib.

O deyib ki, “Yeni Müsavat” medianın səlnaməsi, Azərbaycan mediasında özünəməxsus yer tutan brenddir.

Media Qurumunun uğurlu fəaliyyətindən bəhs edən M.Ş sədri mətbu orqanına gələcək fəaliyyətində uğurlar arzu edib.

Yubiley tədbiri çıxışlarla davam edib.

Məlumat üçün qeyd edək ki, “Yeni Müsavat” qəzeti “Yeni Müsavat” Media Qrupuna aid print media orqanıdır. Bu qəzetin ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub.

"Səs" qəzetinin kollektivi də "Yeni Müsavat"ın əməkdaşlarını qəzetin 30 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayır!

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə