Naxçıvanda infrastruktur quruculuğu uğurla davam etdirilir

Bu ilin 9 ayında muxtar respublikada təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri davam etdirilib, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin binasının yenidən qurulması, Şərur rayonunun Kərimbəyli kəndində 270, Babək rayonunun Kültəpə kəndində 360, Ordubad rayonunun Dəstə kəndində 900 şagird yerlik tam orta məktəb binalarının tikintisi başa çatdırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, Naxçıvan şəhərində 1140 şagird yerlik 5 nömrəli tam orta məktəb binasının yenidən qurulması başa çatdırılıb, Şərur rayonunun Xələc, Babək rayonunun Gülşənabad, Şahbuz rayonunun Türkeş kəndlərində məktəb binalarının tikintisi, Şərur rayonunun Muğanlı və Muğancıq Mehrab, Ordubad rayonunun Vənənd, Kəngərli rayonunun Böyükdüz kəndlərində məktəb binalarının yenidən qurulması davam etdirilib. Bundan əlavə, Şərur rayonunda Yeni Havuş və Xətai kəndləri üçün məktəb binasının tikintisi davam etdirilir.

Naxçıvan şəhərində 200 yerlik 2 nömrəli körpələr evi-uşaq bağçası binasının tikintisi başa çatdırılıb, Ordubad rayonunun Vənənd kəndində uşaq musiqi məktəbi binasının tikintisi davam etdirilir.

Muxtar respublikada təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2018-ci ildə ölkənin ümumtəhsil müəssisələrində II və ya III növbələrdə oxuyan şagirdlərin sayı ümumi şagirdlərin 15,2 faizini təşkil etdiyi halda, muxtar respublikada bu göstərici 0,7 faiz səviyyəsində olub. 2018-ci ildə muxtar respublikada ümumi və tam orta təhsil bazası üzrə keçirilən buraxılış imtahanlarında əldə olunmuş nəticələr də ölkə üzrə ümumi göstəricilərdən daha yüksək olub.

Naxçıvanda 2018-2019-cu tədris ilində ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 2301 nəfəri ali məktəblərə sənəd verib, onlardan 1515-i tələbə adını qazanıb. Eyni zamanda, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 179-u ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olub. Ümumtəhsil məktəbi məzunlarından 500-700 arası bal toplayanların sayı 281 nəfər təşkil edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamı ilə 2019-cu ilin ötən dövründə muxtar respublikada xüsusi istedadı olan 3 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə