Elmar Məmmədyarov: "Azərbaycan müstəqil siyasət həyata keçirir"

Qoşulama Hərəkatının Xarici İşlər nazirlərinin (XİN) iclasına sədrlik Azərbaycana keçib. SİA-nın məlumatına görə, Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşündə iclasa sədrlik Venesuelanın Xarici İşlər naziri Jorge Arreaza tərəfindən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarova təqdim edilib.

Sədrliyin Azərbaycana təqdim edilməsinə görə təşəkkürünü bildirən E.Məmmədyarov qeyd edib ki, Azərbaycan təşkilata sədrliyi dövründə qurumun inkişaf etdirilməsi, üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində lazımi fəaliyyət həyata keçirəcək.

"Azərbaycan heç bir hərbi birlikdə iştirak etmir və müstəqil siyasət həyata keçirir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə quruma üzv ölkələrin gəncləri ilə əməkdaşlığa xüsusi önəm veriləcək". Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin (XİN) görüşündə deyib.

E.Məmmədyarov bildirib ki, ilk dəfə Qoşulmama Hərəkatının sammiti ilə yanaşı, bu quruma üzv ölkələrin gənclərinin də sammiti də keçiriləcək.

Nazir bildirib ki, Qoşulmama Hərəkatına üzv ölkələrin böyük əksəriyyəti inkişaf etməkdə olan dövlətlərdir: “Biz sədrliyimiz dövründə iqtisadi, təhlükəsizlik sahəsində də əməkdaşlığa xüsusi önəm verəcəyik”.

E.Məmmədyarov vurğulayıb ki, Qoşulmama Hərəkatı sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayır. O qeyd edib ki, qarşıda duran əsas məqsədlərdən biri təşkilatın fəaliyyətini yeni reallıqlara uyğunlaşdırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...