Erməni terror təşkilatları 1970-ci ildən bəri 31 türk diplomatını öldürüblər!

Erməni terror təşkilatlarının 1970-ci ildən indiyədək xaricdə yaşayan türklərə qarşı etdikləri sui-qəsdlər nəticəsində 31-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşı qətlə yetirilib. Bu barədə Türkiyənin Anadolu agentliyinin apardığı araşdırmaların nəticəsində qeyd olunub.

Araşdırmada bildirilib ki, türklərə qarşı terror yolu ilə mübarizə məqsədilə ilk dəfə 1975-ci ildə ASALA terror təşkilatı yaradılıb. Türkiyə ilə yanaşı, bəzi ölkələri də hədəfə alan təşkilat ilk dəfə 1975-ci il yanvarın 20-də Dünya Kilsələr Şurasının Beyrut bürosuna hücum edib. Digər erməni terror təşkilatı JCAG isə 1975-ci ildə Livanın paytaxtı Beyrutda qurulub. 1975-ci il oktyabrın 22-də Vyanada Türkiyənin bu ölkədəki səfiri Daniş Tunalıgilin qətlini də məhz ASALA ilə JCAG terror təşkilatları öz üzərlərinə götürüblər.

1973-cü il yanvarın 27-də ABŞ-ın Santa Barbara şəhərində Türkiyənin Los-Ancelesdəki səfiri Mehmet Baydar və konsul Bahadır Demirin erməni əsilli Qurgen Mıgırdiç Yanıkyan tərəfindən öldürülmələri ermənilər tərəfindən türk diplomatlara qarşı həyata keçirilən ilk sui-qəsd olub. Sonralar Türkiyənin Parisdəki səfiri İsmail Erez (1975), Vatikandakı səfiri Taha Carım (1977), Sidneydəki baş konsulu Şarık Aynak (1980), Los-Ancelesdəki baş konsulu Kemal Arıkan (1982), Bostondakı baş konsulu Orxan Gündüz (1982) və Belqraddakı səfiri Qalip Balkar (1983) da erməni terror təşkilatlarının qurbanı olublar.

Bundan əlavə, erməni terrorçuları tərəfindən həyata keçirilən sui-qəsdlər zamanı 1991-ci və 1994-cü illərdə Türkiyənin Yunanıstandakı səfirliyinin əməkdaşları Çetin Görgü və Ömer Haluk Sipahioğlu, 1993-cü ildə Türkiyənin İraqdakı səfirliyinin attaşesi Çağlar Yücel, 2004-cü ildə Türkiyənin Mosuldakı baş konsulluğunun attaşeləri Nihat Akbaş, Bilal Urgen, Adem Çiçek, Bülent Kıranşal və Süleyman Karahasanoğlu, 2013-cü ildə Türkiyənin Somalidəki səfirliyinin əməkdaşı Sinan Yılmaz və bu il Türkiyənin Ərbildəki baş konsulluğunun əməkdaşı Osman Köse qətlə yetiriliblər.

Türk diplomatlarla yanaşı, onların ailə üzvləri və sürücüləri də terror təşkilatlarının hücumuna məruz qalıblar. Belə ki, Türkiyənin İspaniyadakı səfiri Zeki Kuneralpın həyat yoldaşı Necla Kuneralp və sabiq səfir Beşir Balcıoğlu 1978-ci ildə səfirliyə aid avtomobilə silahlı hücum zamanı həlak olublar. Türkiyənin Portuqaliyadakı səfirliyinin attaşesi Erkut Akbayın həyat yoldaşı Nadide Akbay da eyni şəkildə öldürülüb. Türkiyənin Portuqaliyadakı səfirliyinin əməkdaşı Yurtsev Mıhçıoğlu və onun həyat yoldaşı Cahide Mıhçıoğlu da səfirliyə hücum zamanı qətlə yetiriliblər.

Bu sui-qəsdlərin əksəriyyəti ASALA və JCAG terror təşkilatları tərəfindən həyata keçirilib.

Bundan əlavə, 1983-cü il iyulun 15-də ASALA terror təşkilatı tərəfindən Türk Hava Yollarının Parisin Orli aeroportundakı ofisinin qarşısına yerləşdirilən partlayıcı maddənin işə düşməsi nəticəsində ikisi Türkiyə, dördü Fransa, biri ABŞ və biri İsveç vətəndaşı olmaqla səkkiz nəfər həlak olub, 28-i türk olmaqla 55 nəfər yaralanıb.

Bu qanlı terror aktlarına baxmayaraq, “erməni soyqırımı” iddialarının müdafiəçisi olan Ermənistan rəhbərliyi və diasporu erməni terrorunu unutdurmağa çalışır, terror təşkilatlarının və terrorçuların xatirəsinə müxtəlif tədbirlər keçirir, abidələr ucaldırlar. Ermənistanın paytaxtı Yerevandakı "Yerablur" dövlət hərbi qəbiristanlığında ASALA terror təşkilatının üzvlərinin xatirəsinə ucaldılan abidə və ASALA terrorçularının “qəhrəman” kimi tanıdılması məqsədilə nəşr edilən kitablar bunun bariz nümunəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə