Dövlət bayrağı ilə bağlı qayda müəyyənləşdi

Dövlət bayrağının Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı ilə birgə qaldırılması və ya yerləşdirilməsi qaydası müəyyənləşib. SİA-nın xəbərinə görə, bu, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanunun 8-ci maddəsinin (Azərbaycan Respublikası Dövlət bayrağının digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi) 8.2-ci bəndinə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı” sözləri əlavə edilir.

Təklif edilən dəyişikliyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı, digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır.

Layihə bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə