Qaçqın və məcburi köçkünlərə qayğı dövlət siyasətinin prioritetlərindəndir

Prezident İlham Əliyev: "Ümumiyyətlə, köçkünlərin problemlərinin həlli, müavinətlərin verilməsi, evlərin tikilməsi üçün 7 milyard manatdan çox vəsait xərclənib"

Ermənistanın işğalçılıq siyasəti nəticəsində, qaçqın və məcburi köçkün vəziyyətinə düşən 1 milyondan artıq azərbaycanlının həyat şəraitinin yaxşılaşdırılması, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarla paralel şəkildə həyata keçirilir. Xüsusilə, son 16 il ərzində, qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb ki, bunun da 3-ü ötən il istifadəyə verilib. Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və təqdim olunub. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib.

Bu, Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısının reallığıdır. Ölkə Prezidentinin rəhbərliyi altında hər il bu istiqamətdə müvafiq addımlar atılır, qaçqın və məcburi köçkünlər, Qarabağ əlilləri, ailə qayğısından məhrum olmuş gənclər və digər bu kateqoriyadan olan vətəndaşların problemləri öz həllini tapır.

Prezidenti İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edərkən, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bu il də çox böyük işlərin nəzərdə tutulduğunu qeyd edib: "Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bu il də çox böyük işlər nəzərdə tutulur. Bu işlərin bir hissəsi artıq görülüb. Bu yaxınlarda "Qobu Park-2" yaşayış kompleksinin açılışını qeyd etdik. Bu kompleksdə 1300 qaçqın ailəsi yerləşəcək.

Kompleksin açılışında gördüm ki, ən yüksək standartlar tətbiq olunur. Çox gözəl, rahat evlər, gözəl ictimai zonalar, məktəb, uşaq bağçası, supermarket, tibb məntəqəsi, yəni yaşayış üçün bütün şərait yaradılıbdır. Sevindirici hal ondan ibarətdir ki, "Qobu-1" və "Qobu-2" komplekslərinin tikintisi sırf özəl sektor tərəfindən təmin edildi. Hazırda tikilməkdə olan "Qobu-3" də özəl sektorun vəsaiti hesabına inşa edilir. Beləliklə, təqribən 4 minə yaxın köçkün ailəsi Qobu qəsəbəsində ən müasir standartlara cavab verən mənzillərlə təmin ediləcəkdir".

Bu günə qədər yüzdən çox şəhərciyin tikintisi dövlət hesabına təmin edilibdir

Dövlət başçısı çıxışı zamanı bildirib ki, bu prolblemlərin həlli ümumxalq problemi olsa da, əsas iş dövlətin üzərinə düşür: "Hesab edirəm ki, köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır. Düzdür, əsas yükü dövlət öz üzərinə götürübdür. Bu günə qədər yüzdən çox şəhərciyin tikintisi dövlət hesabına təmin edilmişdir. Ümumiyyətlə, köçkünlərin problemlərinin həlli, müavinətlərin verilməsi, evlərin tikilməsi üçün 7 milyard manatdan çox vəsait xərclənib. Bu il məcburi köçkünlərin müavinətləri 50 faiz artırıldı. Bu, bir daha onu göstərir ki, dövlət bu kateqoriyadan olan insanlara daim öz yardımını edir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı bildirib ki, bütün sahələrdə uğurlu inkişaf olduğu kimi, məcburi köçkünlərin də problemləri daim diqqət mərkəzində olacaq: "Sosial məsələlər arasında, əlbəttə ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il, artıq 810 məcburi köçkün ailəsi yeni müasir qəsəbəyə köçürülür. Bu proses davam etdiriləcək. Bu, bizim ən prioritet məsələlərimizdən biridir. Bu məsələyə biz daim diqqət göstəririk".

Bəli, son 16 il ərzində, ölkə Prezidenti İlham Əliyevin şəhid ailələrinin, Qarabağ əlillərinin, məcburi köçkünlərin, hərbçilərin sosial problemlərinin həlli istiqamətində uğurlu addımlar atılıb. Təsadüfi deyil ki, iqtisadi inkişaf tempinə görə dünyanın gündəmində olan Azərbaycan, həm də sosial dövlət kimi xarakterizə olunur. Bu, o deməkdir ki, dövlət siyasətinin bütün istiqamətlərinin və sahələrinin mərkəzində, məhz Azərbaycan vətəndaşı dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir.

Keçirilən görüşlərdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır: "Məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır. Son illərdə bu istiqamətdə çox böyük addımlar atılıb. Təkcə bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib istifadəyə verilib". Bütün köçkün ailələrinin normal şəraitlə təmin olunacaqlarını deyən Prezident əlavə edib ki, hər bir köçkün bir arzu ilə, bir amalla yaşayır - tezliklə öz doğma torpağına qayıtsın: "İşğal altında olan bütün torpaqlar azad ediləndən sonra orada şəhərlər, kəndlər yenidən qurulacaq".

Məhz dövlət başçısınını sözügedən məsələyə diqqət və qayğısının nəticəsidir ki, ötən il dövlət başçısının iştirakı ilə Bakının Qaradağ rayonunda Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi keçirilib. Bunun ardınca isə, bu məqsədlər üçün Prezidentin Ehtiyat Fondundan 20 milyon manat vəsait ayrılıb.

Həmçinin, Qobu qəsəbəsində özəl sektor tərəfindən inşa edilən mindən çox mənzil məcburi köçkünlərə təqdim olunub. Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilir və onların sərəncamına verilir. İl ərzində həm Prezident İlham Əliyev, həm Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı çox vacib layihələr həyata keçirilir.

Bu yerdə, ötən 16 ili xatırlasaq, ilk seçki marafonunda ölkə Prezidenti İlham Əliyev xalqa vəd etdi ki, ölkəmizdə bir çadır düşərgəsi qalmayacaq, bütün çadır düşərgələri ləğv olunacaq, qaçqınlarımız digər vətəndaşlarla eyni səviyyədə yaşayış şəraiti ilə təmin olunacaqlar. Həqiqətən də, bu gün respublikamızda artıq çadır düşərgəsi qalmayıb. Elə ölkələr var ki, illərlə vətəndaşları çadırlarda qalır. Amma qısa müddət ərzində, heç bir beynəlxalq dəstək olmadan, Azərbaycan öz gücünə bu işlərin öhdəsindən gəldi.

Ümumiyyətlə, son 16 ildə Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur.

Yoxsulluq 75 faizdən 12 faizədək azalıb

Bütün bu reallıqlar, bir daha onu göstərir ki, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının dünyada analoqu yoxdur. Özü də bu, heç bir beynəlxalq Konvensiyaya, ya da öhdəliyə əsaslanmır, sadəcə, Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsi, sosial-iqtisadi potensialının göstəricisidir. Görülən fəaliyyətin nəticəsi olaraq, son 16 il ərzində, məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb.

Əlbəttə, öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikilən evlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına xidmət etsə də, onlar bu ünvanlarda müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdacaqlarını yaxşı bilirlər. Yurd nisgilinə son qoyulduqdan sonra da, bu insanlar hər zamankı kimi, dövlətlərinin onların arxasında olacağına tam əmindirlər. İşğal altındakı ərazilər azad olunduqdan sonra bu yerlərdə dövlətin yardımı ilə daha təmtəraqlı, yüksək şəraiti olan evlər inşa olunacağını da yaxşı bilirlər.

Dövlət başçısı qaıqın və məcburi köçkünlərlə görüşlərində də bildirib ki, "bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda, bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".

Bəli, bu gün bütün Azərbaycan xalqının bir amalı var: doğma torpaqlarımızı erməni cəladlarından geri almaq, əzəli torpaqlarımıza qayıtmaq və o torpaqlarda əbədi məskən salmaq. Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi strateji siyasət də bu arzumuzun gerçəkləşməsi üçün tarixi zəminin yetişdiyini, tezliklə əzəli torpaqlarımıza sahib olacağımız günün uzaqda olmadığını deməyə tam əsas verir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə