"Saakyanın marzpetliyi Paşinyanın Qarabağ mövzusunda ikili mövqeyinin nümayişidir"

Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın düşünülməməiş sərsəm bəyanatları nəticəsində, artıq Dağlıq Qarabağın daxilində gərginlik getdikcə pik nöqtəsinə çatıb. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politolq Mübariz Əhmədoğlu da Dağlıq Qarabağın daxilində vəziyyətin gərginləşdiyini deyib: "Dağlıq Qarabağı və Dağlıq Qarabağdakı proseslərlə Ermənistanın özündəki proseslərin spesifikliyini bilənlər razılaşırlar ki, Dağlıq Qarabağdakı vəziyyət artıq nəzarətdən çıxır və vəziyyətin nəzarətdən çıxması Ermənistan dövlətçiliyinin taleyində ən həlledici amil rolunu oynaya bilər. SSRİ dağılan ərəfələrdə Ermənistan ermənilərinin irəli sürdüyü əsas şüar "İvan, çamadanını götür, get evinə". İndi isə hal-hazırda eyni yanaşma Dağlıq Qarabağ klanına şamil edilir. Səbəbsiz də deyil. Çünki erməni xalqı istədiyinə nail ola bilmədi. Çox böyük ümidlər yaradıldı. Həqiqətən, dünya erməniliyinin çox böyük də potensialı var idi. Məhz Qarabağ məsələsinə görə Ermənistanın və dünya erməniliyinin potensialı hal-hazırda minimaldır. Əgər Fransa prezidenti Jak Şirakı Ermənistana səfərə gətirən A.Çuruk kimi milliyyətcə erməni şirkət rəhbəri var idisə, ABŞ da E.Cerecyan prezident müşaviri, milliyyətcə erməni 5-6 konqresmen, senator və qubernator idisə, indi belə ermənilər yoxdur".

M.Əhmədoğlu onu da vurğulayıb ki, "Avrora" mükafatının təsisçici, "Troyka-dialoq"un rəhbəri R.Vardanyanın atdığı addımları göstərirdi ki, dünya erməniliyinin 88-ci ildə olan gücünə yaxınlaşmaq, Ermənistanın başbilənləri üçün əlçatmazdır: "Belə vəziyyətdə Ermənistanın rəhbərliyi N.Paşinyandır. Paşinyanın bütün atdığı addımlar qeyri-dəqiqdir və heç bir konseptual məzmuna malik deyil. Amma bu o demək deyil ki, N.Paşinyan dünya erməniliyinin qarşısında duran problemi bilmir. N.Paşinyan çox gözəl bilir ki, dünya erməniliyini iflasa uğradan Dağlıq Qarabağ məsələsidir. Ona görə N.Paşinyanın

Dağlıq Qarabağ məsələsinə yanaşması ikilidir, hələ də başa düşmək olmur ki, o, Dağlıq Qarabağ məsələsini, doğrudan da, həll etmək istəyir, yoxsa Dağlıq Qarabağ klanının maraqları çərçivəsində bu tənzimlənməni yubatmaq istəyir".

Politoloq onu da vurğulayıb ki, zaman Ermənistanın rəhbərliyini sıxır, bəzi məsələlərdə konkretliklər üzə çıxır: "Bunlardan biri qondarma qurumun de-fakto rəhbəri B.Saakyanı Yerevanda qəbul edərkən, N.Paşinyanın ona xitabən marzpet və ya qubernator deməsidir. Yəni Dağlıq Qarabağ Ermənistanın bir tərkib hissəsi, quberniyasıdır və B.Saakyanı N.Paşinyan qubernator və yaxud marzpet vəzifəsində saxlayacaq. Beləliklə, N.Paşinyan özünün Dağlıq Qarabağdakı seçkilərə hazırlıq kampaniyasını şübhə altına alır. Masis Mailyan hal-hazırda ciddi surətdə seçkilərə hazırlaşır. Həm də Dağlıq Qarabağ əgər Ermənistanın tərkib hissəsidirsə, o zaman N.Paşinyanın Azərbaycan Respublikasının Prezidenti ilə və yaxud ATƏT-in Minsk Qrupu ilə danışıqlar aparmasına da ehtiyac qalmır. Eyni zamanda, o da mümkündür ki, N.Paşinyanın B.Saakyana marzpet və yaxud qubernator deməsi də, Paşinyanın B.Saakyanı aldatması və yaxud dilə tutması anlamında başa düşülə bilər. Çünki N.Paşinyan B.Saakyanı Dağlıq Qarabağla əlaqəli, ən azı, 3 görüşdən sonra qəbul etdi. Aşqabadda Paşinyan çox pis atmosferdə Azərbaycan Respublikasının Prezidenti ilə söhbət etməyə məcbur oldu. ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüş, eləcə də, Gürcüstanın baş naziri Q.Qaxariyanın Yerevanda olarkən, Dağlıq Qarabağ məsələsini qabartmasını, RF prezidenti V.Putinin N.Paşinyanla ayaqüstü görüşünü də bura əlavə edə bilərik. N.Paşinyan V.Putinə Dağlıq Qarabağ mövzusunu sırımaq istədi. Hər halda, RF prezidenti V.Putinin verdiyi reaksiya Paşinyan üçün qaneedici olsaydı, dərhal bunu mətbuata çıxarardı. Belə olan halda,N.Paşinyan nəyə getdiyini bilsə də, sonda nə cür hərəkət edəcəyi ona bəlli deyil. Çünki Dağlıq Qarabağ münaqişəsinin ətrafında baş verən digər proseslərdə onun tutduğu mövqe kifayət qədər ciddi səhvdir. Əgər o, bu gün 5 il bundan qabağa düşünüb hərbi büdcəni artırmağı planlaşdırırsa və bunun əvəzində, Ermənistanda vacibi iqtisadi layihələrə pul tapılmırsa, bu Paşinyanın konseptual düşüncəyə malik olmadığının ən yaxşı göstəricilərindən biridir".

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...