Saatlıda uzunluğu 40 kilometrdən çox olan yaşıllıq zolağı salınacaq

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsü ilə əlaqədar rayonlarda hazırlıq işləri davam edir. SİA xəbər verir ki, belə rayonlardan biri də Saatlıdır.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mil-Muğan Meşə Meliorasiya İdarəsinin baş mühəndisi Niftalı İsmayılovun sözlərinə görə, bu təşəbbüslə əlaqədar rayonda ağac əkiləcək sahələr ayrılıb. Rayon üzrə, ümumilikdə, 50 min ağac əkiləcək. Şəhər mərkəzində yerləşən Muğan parkı və Gənclər parkında, idman kompleksinin ərazisində hazırlıq işləri başa çatmaq üzrədir. Təkcə bu üç yerdə 3 min ədəd müxtəlif növ ağac əkiləcək. Həmçinin magistral və yerli əhəmiyyətli avtomobil yollarının kənarlarında da ağacların əkilməsi nəzərdə tutulub. Hacıqabul-Horadiz avtomobil yolunun Saatlı rayon ərazisindən keçən hissəsində 10 min, Saatlı-Sarıcalar yerli əhəmiyyətli avtomobil yolunun kənarında 5500, Saatlı-Cəfərxan yerli əhəmiyyətli avtomobil yolunun kənarında 4000, Orta Muğan-Çolpı-Nəsimikənd-Smadakənd yerli əhəmiyyətli avtomobil kənarında isə 7500 ədəd ağac əkilməsi üçün yerlər ayrılıb. Bundan başqa, Araz çayının yeni qolundan ayrılan suvarma kanalının Saatlı ərazisindən keçən hissəsində hər iki sahil boyunca iki cərgədə yaşıllıq zolağı salınması üçün işlər görülüb. Artıq ağacların suvarılması üçün su kanalları çəkilib. Kanal boyunca 20 min ağac əkilməsi nəzərdə tutulur. Boş sahələr kol-kosdan təmizlənib, əkin üçün hazır vəziyyətə gətirilib. Saatlıda 50 min ağac əkməklə kifayətlənməyəcək, eyni zamanda, onlarda 100 faiz bitiş əldə olunmasına çalışacağıq.

Saatlı sakini Rasim Cəfərov deyir ki, ağac əkinində könüllü olaraq iştirak edəcək: “Hər kəs hazırlıq işlərində fəallıq göstərir. Bu nəcib təşəbbüs, yaşıllıqların salınması Saatlı üçün də böyük əhəmiyyət daşıyır. Buna görə Mehriban xanıma minnətdarlığımızı bildiririk. Saatlı aran bölgəsi olduğu üçün havalar da çox isti olur. Ona görə də bu ərazilərdə yaşıllıq nə qədər çox olarsa, ekoloji mühit də bir o qədər yaxşı olar”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...