Deputat Səbail rayonu veteranları ilə görüşdü

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon təşkilatının qərargahında Səbail rayonu 29 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev rayonunun veteranları ilə görüşüb. İlk öncə müasir Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçirilən görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev çıxış edərək bildirib ki, sağlamlıqlarını dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə itirən müharibə veteranları daim dövlətimizin, ölkə başçımızın, Ali Baş Komandanımızın yanında olan, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu və möhtərəm Prezidentimiz İlham Əliyevin ölkədaxili və ölkə xarici siyasətini dəstəkləyən dəyərli, ləyaqətli insanlardır. Dövlət tərəfindən müharibə veteranlarının daim xüsusi diqqət mərkəzində saxlanıldığını, bu kateqoriyadan olan insanların rifahının ildən-ilə yüksəlməsi üçün müvafiq tədbirlərin görüldüyünü vurğulayan ictimai birliyin rayon təşkilatının sədri bəzi problemlərdən də danışıb.

Görüşdə iştirak edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev ilk növbədə onları "18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü" münasibətilə ürəkdən təbrik edərək, Azərbaycanın müstəqillik tarixində ən əlamətdar gün olduğunu deyib: "Azərbaycanın dövlət müstəqilliyinin bərpası nəticəsində xalqımız öz taleyinin, Vətəninin, dövlətinin və sərvətlərinin sahibi oldu, biz azadlığa, müstəqilliyimizə qovuşduq. İnsan üçün, dövlət üçün bundan böyük nemət, dəyər ola bilməz".

Ş.Hacıyev müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin və Onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin yeni müstəvidə həyata keçirdiyi idarəçilik məharəti nəticəsində biz milli sərvətimiz olan neft gəlirlərimizdən səmərəli istifadə edildiyini, dölkəmizin inamik, davamlı inkişafa nail olduğunu, ən əsası isə müstəqil dövlətçiliyimizin əbədiliyini və dönməzliyini təmin edildiyini bildirib.

Ş.Hacıyev Səbail veteranlarını Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon təşkilatının yaranmasının 25 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edərək, qəhrəman veteranlarımıza cansağlığı və sağlam uzun ömür arzulayıb. Veteranlar tərəfindən səsləndirilən bütün problemləri diqqətlə dinlədiyini, müvafiq qeydlər apardığını nəzərə çatdıran deputat bu problemlərin, təkliflərin heç birinin diqqətsiz qalmayacağını, hər bir məsələ ilə ciddi məşğul olacağını və lazımi icra strukturlarına müraciətlər ediləcəyini vurğulayıb. Veteran övladları ilə bağlı qaldırılan məsələyə münasibət bildirən Ş.Hacıyev qeyd edib ki, ən qısa zamanda bu gənclərin interaktiv şəbəkəsi yaradılacaq və onlar YAP Səbail rayon təşkilatının ictimai-mədəni tədbirlərinə, maarifləndirici işlərinə yaxından cəlb olunacaqlar.

Millət vəkili diqqətə çatdırdı ki, ölkə başçısı cənab İlham Əliyevin bu məsələyə xüsusi diqqəti nəticəsində bu gün Azərbaycanda vətəndaşa, insana qayğı, xidmət, diqqət, vətəndaşın rifahı bir nömrəli məsələsidir. "Mən xalqımın ən böyük xidmətçisiyəm. Məndən nümunə götürün" deyən İlham Əliyev əməli fəaliyyəti ilə sübut etmişdir ki, O, sözün əsl mənasında hər bir azərbaycanlının Prezidentidir. Bu gün Azərbaycanın çox güclü, savadlı, cəsarətli, yüksək intellektli, xalqını hədsiz dərəcədə sevən, milli dəyərlərimizi hər şeydən üstün tutan müdrik Prezidenti var. Biz Onunla fəxr edirik, qürur duyuruq və daima onun yanındayıq".

Deputata ürəkdən təşəkkür edən veteranlar onlara göstərilən diqqət və qayğı üçün ölkə başçısına minnətdarlıqlarını ifadə etdilər.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...