Mən radikal müxalifətdə olmuş olsaydım... MƏQALƏ

Deyək ki, mən bu gün radikal müxalifətdə olmuş olsaydım, xüsusən 19 oktyabr mitinqindən sonra özümə bir sual verərdim: mən bu proseslərin harasındayam? Kimin arxasınca gedirəm? Hansı kənar qüvvələrin təsiri altındayam? "Dayı" dediklərim kimlərdir və onların görmək istədikləri Azərbaycanla mənim görmək istədiyim Azərbaycan arasında mövcud bənzərlklər və fərqliliklər nədən ibarətdir? Mübarizəni kimin üçün aparıram? Ümumiyyətlə, indiki situasiyada kimin əlinə oynayıram? Heç bütün bunları anlayacaq səviyyədə, təfəkkürdə olmamış olsaydım belə öz özümə bir sual verərdim: indi mənim icazəsiz aksiyalarda iştirakın mənə və ölkəmə nə qazandıracaq?

Deyək ki, mən bu gün radikal müxalifətdə olmuş olsaydım, regionda maraqları olan bütün qüvvələrin məndən hansı məqsədlər üçün istifadə etməyə çalışdığını ən azından öyrənməyə cəhd edərdim. Baxardim ətrafıma bir anlığına, dövlətim hansı addımları atır və bu atılan, eyni zamanda atılacaq addımların mənə, ətrafıma, yaxınlarıma, ümumilikdə ölkəmə xeyri nədir? Bu proseslərin tam da anonsu verilmişkən niyə birdən birə mənim liderlərim aksiyalara başladılar? Ən azından bunun arxasında dayanan qaranlıq məqamları özüm üçün analiz etməyə çalaşırdım. Həmin gün və daha sonrakı günlərdə rupor medianın, sosial mediadakı qaranlıq qüvvələrin yaydığı sistemli informasiyaların nəyə xidmət etməsini özüm üçün araşdırardım. Başı sarğılı canlı efirə çıxan liderinin niyə bu qədər canfəşanlıq etdiyi də mənim maraq dairəmdə olardı.

Özüm üçün dəqiqləşdirməyə çalışardım indiki durumda mənim ölkəmin Suriyaya, Livana, Misirə, ya da digər ölkələrə bənzəməsi bizə nə verəcək, ya da bizdən nə alacaq? Bütün bunları bir tərəziyə qoyub bir sual da verərdim: indiki halda mən dövlətimin yanında olmalı ikən, ölkənin müstəqilliyi söz konusu ikən mən harda olmalıyam? Ölkəmin yanında, yoxsa onun müstəqilliyinin itirilməsi uğrunda şeytanla əməkdaşlıq edənlərin yanında? Bu sualların cavabını tapanda əminəm ki, mən gedib haqqın yanında dayanıb ölkəmi müdafiə edərdim...

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...