Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Bölmənin Rəyasət Heyətinin tərkibində qismən dəyişiklik edilməsi ilə bağlı məlumat verən alim Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyevin Rəyasət Heyətinin üzvü seçildiyini diqqətə çatdırıb.

İclasda həmçinin, bölmənin “Elmi əsərlər” jurnalının redaksiya heyətinin tərkibində qismən dəyişiklik edilib. Rəyasət Heyətinin qərarı ilə AMEA-nın müxbir üzvü Tofiq Əliyev “Elmi əsərlər” jurnalının təbiət və texniki elmlər seriyasının və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli isə “Elmi əsərlər” jurnalının Humanitar və İctimai elmi seriyasının redaksiya heyətinə üzv seçiliblər.

Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin “Naxçıvan oykonimlərində miladdan öncə III-II minilliklərə aid qədim türk Tanrı adlarının izi” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Zülfüqarov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə bölmədə vakant vəzifələrin tutulması üçün 10 oktyabr 2019-cu il tarixli mətbuatda dərc edilən müsabiqə ilə bağlı məlumat verib. Rəşad Zülfüqarov həmçinin bölmənin elmi-tədqiqat müəssisələrinin şöbə və laboratoriyalarına müsabiqə üçün sənəd qəbulunun yekunlaşdığını və 12 namizədin şöbə və laboratoriyalara sənədlərini təqdim etdiyini bildirib.

Gündəliyə çıxarılan digər məsələ isə bölmənin Təbii Ehtiyatlar İnstitutunun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilməsi haqqında olub. Elmi katib, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə bu barədə

məlumat verərək institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyevin həmin müəssisənin Elmi Şuranın sədri seçildiyini qeyd edib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...