Təbiət düşmənlərinə qarşı mübarizəmizi sonuna qədər davam etdirəcəyik

Qadağan olunmuş vasitələrlə balıq ovlanması təbiətimizə qarşı vandal münasibətdir. SİA xəbər verir ki, bunu, "Sintetik torlarla və qadağan olunmuş ov alətləri ilə balıq ovuna yox deyirik" devizi altında keçirilən aksiyada ETSN müavini Novruz Quluyev jurnalistlərə açıqlamasında deyib.

"Elektrik cərəyanları, sintetik torlarla balıq ovlayanları belə hərəkətlərdən çəkinməyə çağırıram, əhaliyə müraciət edirəm ki, bu cür hallarla rastlaşarkən onlar barədə bizə və hüquq-mühafizə orqanlarına məlumat versinlər", deyə nazir müavini bildirib.
Nazir müavini brakonyerliklə məşğul olanların kimlikləri barədə məlumatları olduğunu da diqqətə çatdırıb.
"Onlar haqqında bu yaxınlarda cinayət işi qaldırılacaq. Bununla belə bu aksiyanı keçirməklə digərlərinə xəbərdarlıq edirik ki, bu işdən çəkinsinlər. Əgər bu davam edərsə, onlar da külli miqdarda cərimə olunacaqlar və hüquq mühafizə orqanları barələrində cinayət işi açacaq. Odur ki, belələrini bu cinayətdən əl çəkməyə səsləyirəm. Bu aksiya birinci və sonuncu deyil, davamlı olacaq və bütün su tutarlarında davam edəcək. Yəni biz təbiət düşmənlərinə qarşı mübarizəmizi sonuna qədər davam etdirəcəyik", deyən nazir müavini əlavə edib ki, bu cür aksiyalar tək Bakıda deyil, digər regionlarda da keçirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...