Azərbaycanın Dövlət Müstəqilliyi Günü Strasburqda qeyd edilib

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyində Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. SİA xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra daimi nümayəndəliyimizin rəhbəri, səfir Fəxrəddin İsmayılov çıxış edərək 1991-ci ildə dövlət müstəqilliyinin bərpa edilməsinin müasir tariximizin parlaq səhifəsi olduğunu söyləyib. O, 28 il ərzində ölkəmizdə keçilən yola nəzər salaraq, Azərbaycanın üzləşdiyi çətinliklər, xüsusən Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin işğal edilməsi, bir milyondan artıq insanın məcburi köçkün və qaçqına çevrilməsi barədə danışıb. Səfir çətinliklərə baxmayaraq, ölkəmizin böyük tərəqqi yolu keçdiyini deyib.

F.İsmayılov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlətçiliyimizin möhkəmləndirildiyini, ordu qurulduğunun həyata keçirildiyini və iqtisadiyyatın inkişaf etdirildiyini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar ölkədə sabit siyasi sistemi təmin etməyə, əhalinin sosial rifahını daim artırmağa, respublikamızın nüfuzunu regional, eləcə də qlobal səviyyədə yüksəltməyə imkan yaradıb.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı Fransada Azərbaycan diasporunun üzvü, ölkəmizlə bağlı çoxsaylı yazıların müəllifi Şirin Melikoffa təqdim edilib. Diasporla İş üzrə Dövlət Komitəsi həmin medalı təqdim etməyi daimi nümayəndəliyimizə həvalə edib.

Təltifə görə ölkə rəhbərliyinə dərin minnətdarlığını ifadə edən Ş.Melikoff ilk dəfə Azərbaycana 1970-ci illərdə getdiyini və həmin vaxtdan davamlı olaraq ölkəmizlə təmasda olduğunu bildirib. O, hətta bir çox tarixi hadisələrin, o cümlədən 20 Yanvar faciəsinin baş verdiyi vaxtlarda və 1991-ci ilin 18 oktyabrında Azərbaycanda olduğunu bildirərək xatirələrini bölüşüb.

Qeyd edək ki, XX əsrin əvvəllərində Fransaya gələn Azərbaycan mühacir nəslinin nümayəndəsi Ş.Melikoffun anası İren Melikoff da uzun illər Azərbaycan daxil olmaqla, türk dünyası ilə bağlı apardığı araşdırmalarla tanınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə