Müstəqil Azərbaycan Respublikası hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirilib. AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Misir Mərdanov ötən 28 il ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışıb, ölkənin uğurlu inkişafı sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadi və siyasi gücümüzün artdığını qeyd edib. Diqqətə çatdırıb ki, müstəqil Azərbaycan Respublikası bu gün hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib.

Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək Dövlət Müstəqillik Gününün yaranma tarixi barədə məlumat verib. O, müstəqilliyin ilk illərində Azərbaycanın dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşdiyini xatırladıb. Qeyd edib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk olaraq Azərbaycan dövlət müstəqilliyi əldə edib, demokratik cümhuriyyət qurub. Təəssüf ki, demokratik dövlətimiz cəmi 23 ay yaşadı. Lakin uzun illər xalqın azadlıq, müstəqillik arzuları sarsılmadı. Nəhayət, 70 il sonra, 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən müstəqillik qazandı. İlk vaxtlar ciddi problemlər yaşayan Azərbaycanda xalqı ulu öndər Heydər Əliyevi təkidlə yenidən hakimiyyətə gətirdi və dövlətimiz dahi rəhbərin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yenidən müstəqillik yoluna qədəm qoydu.

Bahar Muradova vurğulayıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən milli dövlətçilik, azərbaycançılıq ideologiyasının formalaşdırılması siyasətinin nəticəsi olaraq qısa dövrdə dövlətimizin hüquqi-sosial bazası yaranıb, müstəqilliyi möhkəmlənib, dünya birliyinə inteqrasiyası istiqamətində ciddi addımlar atılıb. Ulu Öndərin əsasını qoyduğu siyasi və iqtisadi kursun, cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycan dünyada qabaqcıl ölkələr sırasına çıxıb, iqtisadi inkişaf tempinə görə lider dövlətlərdən birinə çevrilib.

“Bu gün regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir”, – deyən Milli Məclis sədrinin müavini “Əsrin müqaviləsi” çərçivəsində reallaşan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə neftimizin dünya bazarına ixracının başlandığını qeyd edib. Bildirib ki, bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır.

Tədbirdə RMİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent İradə Mirzəzadə və digər çıxış edənlər 28 il əvvəl Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsini xalqımızın tarixində böyük hadisə kimi qiymətləndirib, ölkənin əldə etdiyi tarixi uğurlar barədə fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...