"Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik" TƏDBİR

15 oktyabr 2019-cu il tarixdə AMEA-nın Fəlsəfə İnstitutu və Şirvan şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatcılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. "Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik" mövzusunda keçirilən tədbir Şirvan Dövlət Hümanitar və İqtisadiyyat Kollecində baş tutmuşdur. AMEA Fəlsəfə İnstitutundan "İdrak nəzəriyyəsi" şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Yeni Azərbaycan Partiyasının Fəlsəfə İnstitutu Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru və institutun aparıcı elmi işçisi Sənan Həsənov, Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva, Şirvan şəhər icra hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov, Şirvan Dövlət Hümanitar və İqtisadiyyat Kollecinin rəhbərliyi, əməkdar müəllim Mehran Əhməd qızı, şəhər ziyalıları və Şirvan Dövlət Hümanitar və İqtisadiyyat Kollecinin coxsaylı kollektivi qatılıblar.

Qonaqlar və rayon rəsmiləri əvvəlcə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində və Şirvan Dövlət Hümanitar və İqtisadiyyat Kollecində Ulu Öndər Heydər Əliyevin zəngin siyasi-dövlətcilik irsinə dair geniş sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açaraq, Şirvan şəhər icra hakimiyyətinin rəsmisi Adəm Hüseynov qonaqları və iştirakçıları salamladı. Əlamətdar günün dövlətçiliyimiz və xalqımız üçün əhəmiyyəti haqqında giriş nitqi söylədi. Sonra Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva çıxış edərək, Ulu Öndər Heydər Əliyevin qurucusu və memarı olduğu Azərbaycan dövlətinin 28 ildə keçdiyi şanlı yola nəzər salıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin müasir dövlətçiliyimizin inkişafındakı roluna dair təhlillər aparıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Fəlsəfə İnstitutu Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru və institutun aparıcı elmi işçisi Sənan Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi-dövlətçilik fəaliyyətinin müzakirəsinə dair ziyalılarla gənclərin görüşünə dair keçirilən tədbirlərə hər zaman böyük ehtiyac olduğunu bildirib. O, zaman keçdikcə, Ulu Öndər Heydər Əliyev irsinə tək ölkəmizdə yox, ölkəmizin hüdudlarından kənarda da edilən müraciətlərin elmi əsaslarına toxunub. Ulu Öndərin xilaskarlıq və müdriklik missiyasının xalqımız və dövlətimiz üçün müstəsna əhəmiyyətini sovet dövrü və müstəqillik dövrü ilə müqayisəli şəkildə təhlil edib. Heydər Əliyev irsini dərindən dərk etmək, onu əməli fəaliyyətlərində tətbiq etmək kimi məsuliyyətli məsələdə gənclərin qarşısında duran vəzifələrə dair fikirlər söyləyib.

Fəlsəfə elmləri doktoru Füzuli Qurbanov milli özünüdərk prosesində Ulu Öndər Heydər Əliyevin siyasi irsinin fəlsəfi aspektlərini təhlil edərək bildirib ki, millətin tarixi yaddaşı onun xilaskarının, öndərinin fəaliyyətinə dair təfəkkürünün formalaşması ilə bilavasitə bağlıdır.

O bildirib ki, Ulu Öndər Heydər Əliyev irsinin əxz edilməsi Azərbaycan dövlətçilik ənənəsi kontekstində böyük əhəmiyyət daşıyır. Bu 5 minillik dövlətçilik ənənəsinə malik olan Azərbaycanda, müasir mərhələdə müstəqil dövlət quruculuğu baxımından, strateji əhəmiyyət kəsb edir. Əməkdar müəllim Mehran Əhməd qızı çıxış edərək, günü-gündən inkişaf edən Azərbaycan dövlətinin dünya dövlətləri içərisində yerinə və bu istiqamətdə Prezident İlham Əliyevin çevik siyasi kursuna dair fikirlər söyləyib. Bütövlükdə, tədbir iştirakçıları, əsası Ulu Öndər tərəfindən qoyulmuş xalq-prezident birliyinin yenilməzliyinə, bu birliyin bu gün də davam etməsinin qarşımızdakı bütün hədəflərə nail olmağımız üçün nicat yolu olduğu və torpaqlarımızın işğaldan azad ediləcəyinə zəmin yaradacağına əminliyini ifadə edib. Gənc şairə Nahidə Məmmədova Ulu Öndərə olan sonsuz xalq məhəbbətinin ifadəsi olan şeirlər söyləyib. Tədbirin bədii hissəsində Şirvan Dövlət Hümanitar və İqtisadiyyat Kollecinin tələbələrindən ibarət qrup musiqi nömrələri ilə tədbirə xoş ovqat bəxş edib.

Tədbirə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə