Milli Qəhrəman Elşad Hüseynovun xatirəsi anıldı

18 oktyabr 2019-cu il tarixdə Masallı rayonunun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanıl Elşad Hüseynovun xatirəsi anılıb. İlk öncə tədbir iştirakçıları Milli Qəhrəmanın abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Milli Qəhrəmanın və Azərbaycanın bütövlüyü uğrunda həlak olanların ruhuna dualar oxunub.

Tədbirdə ilk sözü Masallı Rayon İcra Hakimiyyəti başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova deyib. Dövlətimizin Milli Qəhrəmanlar, torpaqlarımız uğrunda şəhid olanların ailələrinə qayğısından danışan icra hakimiyyəti başçının müavini bildirib ki, Elşad Hüseynovun anım və doğum günlərinin hər il ictimaiyyət tərəfindən qeyd edilməsi, onun xatirəsinin əbədiləşdirilməsi, abidəsinin yaradılması və s. bu qayğının nəticəsidir.

A.Qafarova Milli Qəhrəmanın minlərlə insanın qürur və iftixarı olduğunu bildirərək şagirdləri Elşad kimi vətənpərvər olmağa çağırıb. Rayon rəsmisi Elşad Hüseynovun Qarabağ müharibəsində göstərdiyi şücaətdən, onun döyüş bacarığından söz açaraq erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə geri qaytarılacağı və şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığını bildirib.

Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynov 8 oktyabr 1960-ci ildə rayonumuzun Xıl kəndində anadan olmuşdur. 1978-ci ildə burada məktəbi bitirib sovxozda işləmişdir. 1979-1981-ci illərdə qonşu Gürcüstanın Batumi şəhərində hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad bir neçə dəfə müraciətdən sonra cəbhəyə göndərildi.

1991-ci ildə ilk sınaq döyüşü Füzuli və Tərtər bölgələrində olan Elşad Hüseynov Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşmuşdur. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 1992-ci il, iyunun 15-də döyüşçülərimizə Fərrux kəndini düşməndən azad etmək tapşırığı verilmişdi. Səhər tezdən Ağdam istiqamətində döyüşə atılan polis cəngavərləri kəndin içinə doğru irəliləyirdilər. Elşad həmişə olduğu kimi, yenə də döyüşün ən qızğın yerində idi. O, həm cəsarətli vuruşu, həm də ruhlandırıcı çağırışları ilə döyüş yoldaşlarına mənəvi qüvvə verirdi. Əfsus ki, mövqeyini dəyişmək üçün səngərdən çıxarkən E.Hüseynov qəfil düşmən gülləsinə tuş gəldi...
Ailəli idi, üç övladı var.

1992-ci il 8 oktyabr tarixində Elşad Eynulla oğlu Hüseynov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Elşad Hüseynov Masallı rayonunun Xıl kəndində dəfn edilmiş, kənddə büstü qoyulmuşdur. Masallı şəhərinin küçələrindən birinə Milli Qəhrəmanın adı verilmişdir.

Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin məsul işçisi Babək Hacıyev, Masallı RTŞ-nin inspektoru Hörmət Balakişiyev, Milli Qəhrəmana "Vətən oğlu" adlı poema həsr etmiş şair Tahir Heydərli və başqaları şəhidin həyat və fəaliyyətindən danışıb, döyüş yolundan misallar gətirib, mənalı ömrünü gənclık üçün örnək olduğunu bildirdilər.

Tədbirdə çıxış edən Milli Qəhrəmanın qızı Aytən Hüseynova ölkəmizdə, onların ailəsinə, müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, eləcə də rayon rəhbərinə minnətdarlığını bildirib.

Məktəblilər qəhrəmanlarımızı vəsf edən şeirlər səsləndirib, Masallı Dövlət Regional Kolleci tələbələri Nərmin Nəsirova, Firuzə Quliyeva, Aysun Əliyeva, Gülcahan Mehrəliyeva, Xədicə Yusifqızı bə başqalarının ifasında Camaləddin Əliyevin quruluş verdiyi “Qarabağa qayıdacağıq” ədəbi-bədii kompozisiya nümayiş olunub.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...