Mərkəzi Gömrük Hospitalının orta tibb işçiləri Beynəlxalq Təlim Kursunda iştirak ediblər

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə komissiyası, Ankara Universiteti, Vanderbilt Universiteti, Ankara Yıldırım Beyazıt Universiteti və "Up-to-date in medicine Tibbi Konsaltinq" şirkətinin birgə təşkilatçılığı ilə “Orta tibb personalı üçün Neonatologiya üzrə 1-ci Beynəlxalq Təlim Kursu” keçirilib.

Mərkəzi Gömrük Hospitalının Neonatologiya və pediatriya şöbəsinin orta tibb işçiləri - Sevda Abbasova, Ramilə İlyasova, Səbinə Səfərova, Luiza Şirinova və Lamiyə Mirzəliyeva da bu beynəlxalq təlim kursunda iştirak ediblər.

Baş neonatoloq Rüstəm Hüseynov, Türk Pediatriya Qurumunun tədris üzrə işçi qrupunun üzvü və Ankara Universitetinin Uşaq sağlamlığı və xəstəlikləri kafedrasının professoru Omer Erdeve, Ankara Universitetinin Uşaq sağlamlığı və xəstəlikləri kafedrasının dosenti Emel Okulu və həmin kafedranın 3 təcrübəli orta tibb işçisinin də apardığı təlim kursu zamanı yenidoğulanlarda invaziv və qeyri-invaziv ventilyasiya, neonatal dövrdə respirator distres sindrom, neonatal sepsis, nekrozlaşan enterokolit, çox az çəkili və ekstremal çəkili yenidoğulmuşlara qayğı, habelə yenidoğulanlarda ensefalopatiya və qıcolmalar, böyrək çatışmazlığı, mürəkkəb ürək qüsurları, yenidoğulmuşların cərrahi müdaxilələrə hazırlanması və postoperativ dövrdə göstərilən qayğı və digər aktual məsələlər müzakirə edilib, təlim kursunun iştirakçılarına nəzəri və praktiki bacarıqlar aşılanıb.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşəbbüsü ilə orta tibb işçilərinin təlim kursunda iştirakının təmin edilməsinin əsas məqsədi yenidoğulmuşlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması, neonatal dövrdə ölüm və xəstələnmə hallarının qarşısının alınması, bu xidmətdə çalışan tibb işçilərinin peşə bacarıqları və biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlılığının təmin edilməsi nəticəsində əldə olunan yeni məlumatların Mərkəzi Gömrük Hospitalında tətbiqinə nail olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...