“Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” FOTO

AMEA-nın Fəlsəfə İnstitutu və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda keçirilən tədbirə AMEA Fəlsəfə İnstitutundan “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Yeni Azərbaycan Partiyasının Fəlsəfə İnstitutu Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru və İnstitutun aparıcı elmi işcisi Sənan Həsənov Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva, Şirvan şəhər İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov, Şirvan Dövlət Humanitar və İqtisadiyyat Kollecinin rəhbərliyi, əməkdar müəllim Mehran Əhməd qızı, şəhər ziyalıları və Şirvan Dövlət Humanitar və İqtisadiyyat Kollecinin çoxsaylı kollektivi qatılıb.

Qonaqlar və rayon rəsmiləri əvvəlcə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində və Şirvan Dövlət Humanitar və İqtisadiyyat Kollecində Ulu Öndər Heydər Əliyevin zəngin siyasi-dövlətçilik irsinə dair geniş sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə acan Şirvan şəhər İcra hakimiyyətinin rəsmisi Adəm Hüseynov əlamətdar günün dövlətçiliyimiz, xalqımız üçün əhəmiyyəti haqqında danışıb. Sonra Şirvan Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin qurucusu və memarı olduğu Azərbaycan dövlətinin 28 ildə keçdiyi şanlı yola nəzər salıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin müasir dövlətçiliyimizin inkişafındakı roluna dair təhlillər aparıb.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Fəlsəfə İnstitutu Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru və İnstitutun aparıcı elmi işçisi Sənan Həsənov bildirib ki, ziyalılarla gənclərin görüşünə dair keçirilən tədbirlərdə Ulu Öndər Heydər Əliyevin siyasi-dövlətçilik fəaliyyətinin müzakirəsinə hər zaman böyük ehtiyac var. O, zaman keçdikcə Heydər Əliyev irsinə tək ölkəmizdə yox, ölkəmizin hüdudlarından kənarda da edilən müraciətlərin elmi əsaslarına toxunub. Ulu Öndərin xilaskarlıq və müdriklik missiyasının xalqımız və dövlətimiz üçün müstəsna əhəmiyyətini sovet dövrü və müstəqillik dövrü ilə müqayisəli şəkildə təhlil edib. Heydər Əliyev irsini dərindən dərk etmək onu əməli fəaliyyətlərində tətbiq etmək kimi məsuliyyətli məsələdə gənclərin qarşısında duran vəzifələrə dair fikirlər söyləyib.

Fəlsəfə elmləri doktoru Füzuli Qurbanov milli özünüdərk prosesində Heydər Əliyevin siyasi irsinin fəlsəfi aspektlərini təhlil edərək bildirib ki, millətin tarixi yaddaşı onun xilaskarının, öndərinin fəaliyyətinə dair təfəkkürünün formalaşması ilə bilavasitə bağlıdır. O bildirib ki, Heydər Əliyev irsinin ərz edilməsində Azərbaycan dövlətçilik ənənəsi kontekstində böyük əhəmiyyət daşıyır. Bu 5 minillik dövlətçilik ənənəsinə malik olan Azərbaycanda müasir mərhələdə müstəqil dövlət quruculuğu baxımından strateji əhəmiyyət kəsb edir.

Əməkdar müəllim Mehran Əhməd qızı çıxış edərək günü-gündən inkişaf edən Azərbaycan dövlətinin dünya dövlətləri içərisində yerinə və bu istiqamətdə Prezident İlham Əliyevin çevik siyasi kursuna dair fikirlər söylədi. Bütövlükdə tədbir iştirakçıları əsası Ulu Öndər tərəfindən qoyulmuş xalq-prezident birliyinin yenilməzliyinə və bu birliyin bu gün də davam etməsinin qarşımızdakı bütün hədəflərə nail olmağımız üçün nicat yolu olduğu və torpaqlarımızın işğaldan azad ediləcəyinə zəmin yaradacağına əminliyini ifadə edib.

Tədbirin bədii hissəsində Şirvan Dövlət Humanitar və İqtisadiyyat Kollecinin tələbələrindən ibarət qrup musiqi nömrələri ilə tədbirə xoş ovqat bəxş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə