Şəmkirdə müstəqillik günü qeyd olunub

18 Oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti ilə YAP Şəmkir rayon təşkilatı partiyanın bir qrup fəal gəncləri ilə görüş keçirib. Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatı aparatının məsul işçiləri və fəal gənclər iştirak ediblər.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev tədbiri açıq elan edərək, geniş məzmunlu çıxış etdi. F.Vəliyev çıxışında qeyd etdi ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub-saxlamaq, onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Rayon təşkilatının sədri bildirdi ki, indi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub-saxlanır və inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına eyni dərəcədə diqqət yetirilir.

Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz, nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. "Əsrin müqaviləsi" çərçivəsində reallaşan "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarmaq əzmindədir. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayacaqdır. Sonra çıxış edən partiyanın fəal gəncləri bildiriblər ki, nail olduğumuz müstəqillik bu gün Möhtərəm Prezidentimiz, YAP-ın Sədri Cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində, daha da möhkəmlənib və Azərbaycanın müstəqilliyi əbədilik qazanıb.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə