BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib. BDU-dan SİA-ya bildiriblər ki, bu ali məktəbin professor və müəllimlərinin, tələbələrinin iştirak etdikləri tədbirdə Dövlət himni səsləndirilib.

BDU-nun rektoru Elçin Babayev çıxış edərək deyib ki, 1991-ci il oktyabrın 18-i tariximiz üçün əlamətdardır. Həmin gün xalqımız uzun illərdən bəri arzusunda olduğu azadlığına qovuşub.

Rektor müasir müstəqil dövlətimizin qurulmasında, möhkəmlənməsində və dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərini vurğulayıb.

E.Babayev Ulu Öndər tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində ciddi addımlar atılmasından, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması və bunun nəticəsində xarici investorların ölkəmizə gəlişi ilə iqtisadiyyatın güclənməsindən danışıb. Bildirilib ki, ölkəmizin müstəqilliyini əbədi və dönməz edən dahi rəhbər Heydər Əliyev siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Azərbaycan çox sürətlə inkişaf edir, regionda və dünyada baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilib.

Sonra BDU-nun Tarix fakültəsinin professoru Nuru Məmmədov, dosent Kərəm Məmmədov və Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Rəşad İmanovun çıxışları dinlənilib.

Çıxışlarda müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, qazanılan uğurlardan bəhs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə