Fond gənclər üçün 13-cü qrant müsabiqəsinin nəticələrini elan edir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən Azərbaycan Respublikasının Gənclər Fondu 14 iyul – 23 avqust 2019-cu il tarixlərində 13-cü qrant müsabiqəsini keçirib. SİA-nın verdiyi məlumata görə, Fondun Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 161 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilmişdir. 13-cü qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə Fondun web saytında keçid vasitəsi ilə tanış olmaq mümkündür.

Qeyd edək ki, qrantın alınması məqsədilə bu gündən etibarən müsabiqədə qalib olmuş hər bir gənc Fondun rəsmi internet saytına öz kod və şifrəsi vasitəsi ilə daxil olaraq müqavilənin elektron şəkildə razılaşdırılmasını həyata keçirə bilər. Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqələri çərçivəsində gənclə Fond arasında qrant müqaviləsinin bağlanması üçün elektron sistemə daxil olaraq Xidmətlər bölməsindən istifadə edərək Müqavilə pəncərəsinə keçid edilməlidir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə