Nizami rayonunda Müstəqillik Günü qeyd edilib

18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə Nizami rayon icra hakimiyyəti və YAP Nizami rayon təşkilat SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda tədbir keçirib. Tədbir iştirakçıları, öncə, zavodun ərazisindəki Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər və xatirəsini ehtiramla yad ediblər.

Akt zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bildirib ki, Azərbaycan Respublikası artıq 28 ildir ki, əsarət altında olmayan, müstəqil və istiqlal qazanmış ölkədir. Ölkəmiz bu istiqlaliyyətə Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra yenidən qovuşub.

Tədbirdə çıxış edən Nizami rayon icra hakimiyyəti başçısı Arif Qasımov vurğulayıb ki, müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşayıb. Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olub: "1993-cü ildə xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin təkrarolunmaz fəaliyyəti nəticəsində, ölkəmizin müstəqilliyi dönməzlik və əbədilik qazanıb. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində ölkəmizdə yaranmış dərin böhranlı vəziyyət, vətəndaş qarşıdurması aradan qaldırılıb, fəlakət astanasında olan yenicə qazanılmış müstəqilliyimiz itirilmək təhlükəsindən xilas edilib".

YAP Nizami rayon təşkilatı Heydər Əliyev adına Neft Emalı Zavodu ərazi ilk partiya təşkilatının sədri Samir Əhmədov çıxışında Ümummilli Lider Heydər Əliyevin "Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir" kəlamını xatırladıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin "Müstəqilliyi qoruyub-saxlamaq, onu qazanmaqdan daha çətindir" kəlamının həyatda öz əksini tapmasına şahidlik edən Azərbaycan xalqı bu gün öz liderini şükranlıqla xatırlayır və Onun xatirəsini heç vaxt unutmur və unutmayacaq.

Digər çıxışçılar da, diqqətə çatdırıblar ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq, biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq.

YAP Nizami rayon təşkilatı GB sədrinin müavini Ramil Vəlibəyov isə, dövlət müstəqilliyimizin müdafiəsində, qorunmasında və inkişaf etdirilməsində gənclərin qarşısında duran mühüm vəzifələrdən danışıb.

Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul edilmiş üzvlərə vəsiqələr təqdim olunub.

RAMİL VƏLİBƏYOV

Bütün xəbərlər Facebook səhifəmizdə