Bakıda bir küçədə hərəkət məhdudlaşdırılacaq

Bakıda Şəfayət Mehdiyev küçəsində təmir işlər aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) SİA-ya verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq oktyabrın 17-dən 18-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi və Tbilisi prospekti arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bununla da Şəfayət Mehdiyev küçəsinə Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri, həmçinin Tbilisi prospekti istiqamətindən giriş bağlanacaq.

Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Alternativ olaraq sürücülər Hüseyn Cavid və Həsən bəy Zərdabi prospektlərindən, Əhməd Cəmil, Akademik Zahid Xəlilov, Həsən Məcidov, General Akim Abbasov və Əbdulvahab Salamzadə küçələrindən, həmçinin sözügedən küçə və prospektlərə birləşən yollardan istifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...