Naxçıvan Bölməsində “Müasir zaman və elektron kitabxanalar” mövzusunda seminar keçirilib

AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Müasir zaman və elektron kitabxanalar” mövzusunda elmi seminar keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, tədbiri Kitabxananın direktoru Sahab Əliyeva açaraq Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaradılan elektron kitabxanaların rolundan danışıb. O, Prezident İlham Əliyevin “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” 20 aprel 2007-ci il tarixli Sərəncamını xatırladıb. Azərbaycanda kitabxanalarının elektronlaşması, inkişaf etmiş dünya kitabxanaları sırasına qatılması və ölkə ədəbiyyatının virtual kitabxanasının yaranmasında sözügedən sərəncamın əhəmiyyətini vurğulayıb.

Naxçıvan Muxtar Respublikasında kitabxana işinin müasir standartlar səviyyəsində qurulması və kitabxanaların elektronlaşdırılması üçün atılan məqsədyönlü addımlardan söz açan Sahab Əliyeva bu diyarda müasir tələblərə uyğun kitabxanaların fəaliyyəti üçün yaradılan geniş imkanlardan bəhs edib. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə də məlumat verərək bildirib ki, bölmənin elektron kitabxanası 2013-cü il sentyabrın 4-də yaradılıb və həmin ildə kitabxananın e-kitab.ameanb.nmr.az internet saytı hazırlanaraq oxucuların ixtiyarına verilib.

Diqqətə çatdırılıb ki, hazırda bölmə kitabxanasında inventar sayı 37039 ədəd təşkil edən 15475 adda kitab elektron kataloqlaşdırılıb. 1780 kitabın elektron versiyası hazırlanıb internetdə və ya lokal şəbəkədə yerləşdirilib.

Tədbirdə Elmi Kitabxananın baş kitabxanaçısı Nuridə Kəngərli “Kitabxanalarda həyata keçirilən elektronlaşma prosesləri” və fond müdiri Kəmalə Quliyeva “Elektron kitabxanaların cəmiyyətdə rolu” mövzusunda çıxışları dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə