Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası - ARAYIŞ

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Bu Şuranın yaradılmasının əsas məqsədi türkdilli dövlətlər arasında hərtərəfli əməkldaşlığa yardım etməkdir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə qurucu dövlətlərdir.Özbəkistan və Macarıstan isə müşahidəçi olaraq yığıncaqlarda iştirak edirlər.Üzv ölkələrin dövlət başçıları ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanır. Bundan başqa üzv ölkələrin xarici işlər nazirləri və rəsmiyyətçiləri də il ərzində nizamlı yığıncaqlar həyata keçirir.

25 avqust 2012-ci ildə Bişkəkdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin (Türk Birliyinin) bayrağı qəbul edilib. Vahid bayraq üçün 4 dövlətin bayrağının hər birindən bir element götürülüb: Günəş Qırğızıstanın, ulduz Azərbaycanın, aypara Türkiyənin, rəng isə Qazaxıstanın bayrağından götürülüb.

Türk Şurası təsis edildikdən sonra zirvə görüşləri “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşləri” olaraq adlandırılır. Təşkilat yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum Astana və Çolpan -ata olmaqla altı zirvə görüşü keçirilmişdir.

Türk Şurasının birinci Zirvə Görüşü “İqtisadi əməkdaşlıq” mövzusu adı altında 20-21 oktyabr 2011-ci il tarixlərində Almatı şəhərində baş tutmuşdur.

Türk Şurasının ikinci Zirvə Görüşü 22-23 avqust 2012-ci tarixlərində Bişkek şəhərində keçirilmişdir. Zirvə görüşü mövzusu “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq” olmuşdur.

Türk Şurasının üçüncü Zirvə Görüşü 15-16 avqust 2013-cü il tarixlərində Qəbələ şəhərində keçirilmişdir. Zirvə görüşün mövzusu “Nəqliyyat və bağlantı” olmuşdur.

Türk Şurasının dördüncü Zirvə Görüşü “Turizm sahəsində əməkdaşlıq” mövzusu adı altında 4-5 iyun 2014-cü il tarixlərində Bodrum şəhərində keçirilmişdir.

Türk Şurasının beşinci Zirvə Görüşü 10-11 sentyabr 2015-ci il tarixlərində “Media və informasiya sahəsində əməkdaşlıq” mövzusu adı altında Astana şəhərində keçirilmişdir.

Türk Şurasının altıncı Zirvə Görüşü 3 sentyabr 2018-ci il tarixində Qırğızıstanın Çolpan -ata şəhərində keçirilmişdir. Yığıncağın mövzusu "Gənclər və Milli İdman Növləri" olmuşdur.

Türk Şurasının strukturu

  • Dövlət Başçıları Şurası
  • Xarici İşlər Nazirləri Şurası
  • Yüksək Vəzifəli Şəxslər Komitəsi
  • Ağsaqqallar Şurası
  • Katiblik

Məqsəd və vəzifələri

Tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi;

Regionda və dünyada sülhün bərqərar edilməsi;

Xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi;

Beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi;

Ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi;

Ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması;

Hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi;

Elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi;

Kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi;

Hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi.

Türk Şurasının öz vəzifələrini yerinə yetirə bilməsi və qarşıya qoyulan məqsədlərə nail ola bilməsi üçün strukturu aşağıdakı kimi formalaşdırılmışdır:

Əlaqəli orqan və təşkilatlar

Qərargahı Ankarada yerləşən TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) 1993-cü ildə təsis edilmişdir. Təşkilatın fəaliyyət məqsədi üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi, eləcə də türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşdirilməsidir.

TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası) İstanbul sazişi əsasında yaradılmış, 2008-ci ildə fəaliyyətə başlamışdır. Qərargahı Bakıda yerləşir. Assambleyanın məqsədi türkdilli ölkələrin parlament strukturları arasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

Türk Akademiyası 2010-cu ildə Qazaxıstanda qeydiyyatdan keçmiş təşkilat olaraq fəaliyyətə başlamışdır. Türk Akademiyasının yaradılması haqqında Saziş 22-23 avqust 2012-ci ildə Türk Şurasının Bişkekdə keçirilən 2-ci Zirvə Görüşündə imzalanmış və Akademiyaya beynəlxalq status verilmişdir. Türk Akademiyası Astanada yerləşir. Türk dilinin, ədəbiyyatının, mədəniyyətinin və etnoqrafiyasının tədqiqini koordinasiya və təşviq etmək məqsədilə fəaliyyət göstərir. Akademiyanın digər fəaliyyət məqsədləri türk xalqlarının mədəni və mənəvi irsinin tədqiq edilməsi, dünya sivilizasiyasının inkişafında payının artırılması, dünya ictimaiyyətinin türk xalqlarının nailiyyətləri haqqında məlumatlandırılmasıdır.

Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi 22-23 avqust 2012-ci ildə Bişkek Zirvəsındə imzalanmışdır. Qərargahı Bakı şəhərində yerləşən Fond türk dünyası ilə bağlı müxtəlif tədbirlər, layihələr və proqramları maliyyələşdirmək və dəstəkləmək yolu ilə türk mədəniyyətinin və irsinin qorunmasına, tədqiqinə və təbliğinə köməklik göstərəcəkdir.

Türk Biznes Şurası 2011-ci ildə təsis edilmişdir. Qurum Türk Şurasına üzv ölkələrin işgüzar dairələri və digər təşkilatları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsini həyata keçirir.

Beynəlxalq əməkdaşlıq

Türk Şurası beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Şura artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...