DSX-nin rəisi xidmətdə fərqlənmiş sərhədçilərlə görüşdü - FOTOLAR

Dövlət Sərhəd Xidmətinin hərbi ənənələri sırasında vəzifələrinin icrasında fərqlənmiş sərhədçilərinin xidmətlərinin qiymətləndirilməsi və onların təltifləndirilməsi xüsusi yer tutur. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin SİA-ya verdiyi məlumata görə, 2019-cu ilin 15 oktyabr tarixində Dövlət Sərhəd Xidmətinin aparatında bununla bağlı növbəti tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dövlət sərhədinin pozulmasının qarşısının alınması zamanı fərqlənmiş sərhədçilərlə görüşüb və onlara yüksək təltifləri təqdim edib.

Dövlət sərhədinin pozulmasının qarşısının alınması üzrə sərhəd əməliyyatına rəhbərlik etmiş sərhəd zastavasının rəisi “Sərhəddə fərqlənməyə görə” medalı ilə, 4 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu isə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarla təltif ediliblər.

Çay süfrəsi arxasında davam edən görüşdə sərhədçilər əməliyyatın təfərrüatlarını məruzə edib, Vətənə xidmət etməkdən şərəf və qürur duymalarını, dövlət sərhədinin toxunulmazlığını təmin etməyə, dövlət sərhədində hər hansı təxribatın qarşısını qətiyyətlə almağa hər zaman hazır olmalarını vurğulamış və müddətli hərbi xidmətlərini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətində peşəkar xidmətə qəbul olunmaq arzusunda olmalarını bildiriblər.

General-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə ali diqqəti sayəsində dövlət sərhədinin etibarlı mühafizəsinin yüksək səviyyədə təmin olunmasını, bu istiqamətdə xidməti imkanların daha da gücləndirilməsi üçün ardıcıl işlərin davam etdirilməsini qeyd edib, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq nümunələrinin şəxsi heyət arasında təbliğ edilməsi üzrə müvafiq göstərişlər verib.

Bütün xəbərlər Facebook səhifəmizdə