Naxçıvan gözəlliklər diyarıdır Doktor Əli Sökmən

Türkiyə Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Əli Sökmənin siyasalbirikim.org saytında “Gözəlliklər diyarı Naxçıvan” adlı yazısı yerləşdirilib. Müəllif məqaləsində Naxçıvanın ecazkar təbiətindən, burada yaradılan güclü infrastrukturdan, ali təhsil ocaqlarındakı yüksək şəraitdən və turizmin sürətlə inkişaf etdirilməsindən bəhs edir.

Müəllif yazır: “2000-ci ildən bəri Türkiyə Respublikası Səhiyyə Nazirliyində çalışıram. 2 övladım var. Övladlarımın yaxşı təhsil almaları dövlətə, millətə və bütövlükdə bəşəriyyətə xeyir verən bir şəxsiyyət kimi formalaşmaları üçün əlimdən gələni edirəm. Özüm səhiyyə işçisi olduğum üçün qızım da bu sahəni seçdi və hazırda tibb bacısı kimi çalışır. Oğlum da məni və bacısını nümunə götürərək həkim olmaq istəyirdi. Ancaq Türkiyədə təxminən 3 milyon məzundan 10-15 mini Tibb fakültəsində oxumaq imkanı qazanır. Bunu nəzərə alaraq xaricdəki bir çox universitetlərin Tibb fakültələrini araşdırmağa başladım. Bunlardan biri də “Bir millət, iki dövlət” olaraq tanıdığımız qardaş ölkə Azərbaycan idi. İlk olaraq din, dil və dəyərlər baxımdan doğma hiss etdiyim qardaş və bacılarımızın təhsil aldığı Azərbaycan Tibb Universitetini və Naxçıvan Dövlət Universitetinin (NDU) Tibb fakültəsini nəzərdən keçirdim”.

Naxçıvandakı ali təhsil ocaqlarının səviyyəsinin, təhsil şəraitinin, eləcə də Türkiyədəki bir çox universitetlərlə müqavilələrinin olmasının (ERASMUS, MEVLANA proqramları) diqqətini daha çox çəkdiyini bildirən müəllif qeyd edib ki, seçim etdikləri NDU-da başqa təhsil ocaqlarında çətin tapıla biləcək imkanlardan birinin də tələbələrin müəllimlərlə birbaşa dialoq qurmaq fürsətinin olmasıdır: “Nəqliyyatın rahatlığı, təhsilin hər keçən gün daha da yüksək səviyyəyə qaldırılması bizim üçün inamın ən yaxşı ünvanı, qardaş ölkəmiz Azərbaycanın incisi olan gözəlliklər diyarı Naxçıvanı və Naxçıvanın gözəl insanlarını əvəzedilməz etdi”.

Müəllif Naxçıvanı nəyə görə seçdiyini də konkret faktlarla əsaslandırır. Yazır ki, təhlükəsizlik baxımından son dərəcə etibarlı bir yer olan Naxçıvan valideynlər üçün də əsas seçim nöqtəsidir: “İnternet vasitəsilə NDU-nun telefon nömrəsini tapıb xarici tələbələrin təhsil aldığı fakültə ilə əlaqə yaratdıq. İstanbuldan İğdıra təyyarə, İğdırdan da Naxçıvana quru yolu ilə 3 tələbə və onların valideynləri ilə birlikdə gəldik. Bununla da çoxdan arzuladığımız qardaşlarımıza qovuşduq. Bu, Araz çayının ayırdığı, araya məsafələr və maneələr qoyulduqdan çox uzun illər sonra bir-biri ilə görüşmək imkanı tapan əsl qardaşların görüşü idi sanki. Maşından düşdüm və diz çökərək qardaş Naxçıvan torpağını öpdüm, havasını, qoxusunu həsrəti yox edərcəsinə dəfələrlə içimə çəkdim və çox təsirləndim. İşğal altındakı Qarabağ torpaqları barədə düşünəndə isə göz yaşlarımı saxlaya bilməyib ağladım. “Rəbbim, bu torpaqları Azərbaycan xalqına və bizə fəth etməyi, geri almağı nəsib et!” – deyə dəfələrlə dua etdim. Belə həsrət dolu emosional bir vəziyyətdə Naxçıvana gəlib çatdıq. Bu şəhərdə çox gözəl qarşılandıq. Əvvəlcə NDU-da olduq, qeydiyyatdan keçib Tibb fakültəsi ilə tanış olduq. Artıq bu ildən övladlarımız NDU-da təhsil almağa başlayıblar. Oğlumun burada oxumağına çox şadam. Burada xarici tələbələrə necə isti münasibətlə yanaşdıqlarını gördükdən sonra könül rahatlığı ilə ölkəmə qayıtdım...”

Naxçıvan barədə təəssüratlarını oxucular ilə bölüşən Əli Sökmən qeyd edir ki, qarşısında tarixi və mədəni quruluşunu pozmadan inkişafa əhəmiyyət verən çox gözəl bir şəhər var idi. “Urbanizasiya baxımından şəhər parklar və bağlara, geniş küçələrə, bir çox tarixi və mədəni binalara sahibdir. Naxçıvanda gəzib görmək üçün bir çox yerlər var. Əvvəlcə Nuh Peyğəmbərin uyuduğu qəbri ziyarət edib, Nuh Tufanı ilə əlaqədar geniş məlumat aldıq. Başqa bir vacib ziyarət yerimiz də müqəddəs “Qurani-Kərim”də adı keçən “Əshabi Kəhf” mağarası oldu. Eramızdan 3-5 min il əvvəl meydana gələn, tarixə şahidlik edən Naxçıvandakı tarixi qalaya baş çəkdik və bir çox məlumatla tanış olub qədim geyim və əşyaları görmək fürsəti tapdıq. Öyrəndik ki, burada müxtəlif festivallar təşkil olunur və Naxçıvan ləzzətləri gələnlərə təqdim edilir. Festivallardakı gözəl vizual görüntülər insanları mənəvi cəhətdən xoşbəxt edir. Bu gözəllikləri təşkil edənlərə minnətdarlığımı bildirirəm”, - deyə o qeyd edib.

“Naxçıvanda ziyarət etmək üçün yalnız bu qədərmi yer var? Xeyr! Astma və digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsi üçün çox gözəl şəkildə inşa edilən Duzdağ Fizioterapiya Mərkəzini ziyarət etdik. Sonra Azərbaycanın qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin adını daşıyan parkda olduq”, - fikirlərini xüsusi vurğulayan müəllif qeyd edir ki, Türkiyəyə gəldiyimizdən bəri hər kəsə Naxçıvandan bəhs edirik. Onlara bu gözəl diyarı mütləq gəlib görmələrini, övladlarını yüksək keyfiyyətlə təhsil verən Naxçıvan ali təhsil ocaqlarında oxutmağı tövsiyə etdik.

Əli Sökmən məqaləsini bu fikirlərlə tamamlayır: “Xüsusilə söyləyirəm: Türkiyəmin gözəl xalqı, Naxçıvan istər təhsil sahəsində, istərsə də digər sahələrdə övladlarınızı könül rahatlığı ilə əmanət edə biləcəyiniz ən doğru, etibarlı ünvanlardan biridir. İnşallah, bir gün Naxçıvandan olan qardaşlarımızı Türkiyədə qonaq etmək mənə nəsib olar”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...