Azərbaycan tarixində önəmli gün 1998-ci il 11 OKTYABR

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə Azərbaycan Prezidenti seçildiyi tarixi gün

1998-ci il oktyabrın 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. Ulu Öndər Heydər Əliyev xalqın yüksək fəallığı şəraitində keçən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Əgər 1993-cü il seçkiləri Azərbaycan dövlətçiliyinin ciddi sınaq mərhələsi idisə, 1998-ci il seçkiləri artıq formalaşan dövlətimizin imtahanı sayılırdı.

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər, Azərbaycanı çox qısa müddətdə, beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi.

Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi, daim böyük ehtiramla və rəğbətlə xatırlanır. Xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə və müstəsna tarixi roluna görə, Ulu Öndəri dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Çünki O, Azərbaycan xalqının həqiqi Lideri və Xilaskarı kimi şərəfli missiyanı böyük əzm və şərəflə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır".

Ulu Öndər respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub-saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə Dahi Oğluna daim minnətdardır. Ulu Öndər yenidən hakimiyyətə qayıdarkən, heç bir ölkə başçısının dilinə gətirmədiyi bu sözləri dedi: "Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir".

Azərbaycan xalqının suverenlik arzusunu reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq, qoruyub-saxlamışdır. Azərbaycan xalqı öz Böyük LİDERİ Heydər Əliyevi yalnız siyasi Lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz.

1969-cu il 14 iyul - Azərbaycanın müasir tarixində dönüş ili

Məlumdur ki, SSRİ məkanında iqtisadiyyatı, elmi-mədəni potensialı və təbii sərvətləri imperiya tərəfindən istismar edilən digər dövlətlər kimi, Azərbaycanda da vəziyyət çox acınacaqlı idi. Məhz bu cür gərgin şəraitdə - 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ilə respublikamızda milli şüur istiqamətində yeniləşmə, yeni bir təbəqənin, yeni düşüncə tərzinə malik olan insanların yetişməsi prosesi özünü göstərirdi. Azərbaycanın müasir tarixində dönüş ili hesab olunan 1969-cu ildə respublikanın sosial-iqtisadi və mədəni inkişafı özünün yenidən dirçəliş dövrünə qədəm qoydu.

"Təhsil millətin gələcəyidir" - deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlişinin ilk günündən onun inkişafına qayğını ön plana çəkərək, təhsilin yüksəlişinə nail olmaq üçün bütün potensial imkanlardan istifadəyə geniş şərait yaratmışdır. Nəticədə, ötən əsrin 70-80-ci illəri Azərbaycan təhsilinin coşqun yüksəliş illəri kimi tarixi yaddaşımıza daxil olmuşdur. Keçmiş SSRİ-nin ali rəhbərliyində çalışdığı 1982-1987-ci illərdə Heydər Əliyev digər sahələrlə yanaşı, super-dövlətin təhsil sisteminə, eləcə də, SSRİ-də keçirilən ümumi təhsil və peşə məktəbi üzrə islahat prosesinə rəhbərlik etmişdir. 70-80-ci illərdə Heydər Əliyevin qayğısı nəticəsində 350 mindən çox şagird yeri olan 680 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdir. 1969-1982-ci illərdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatmış, 1979-cu ildə orta məktəblərin şəbəkəsi 1965-ci illə müqayisədə 3 dəfədən çox artmışdır.

Müdrik dövlət başçısının təhsilin inkişafına göstərdiyi misilsiz xidmətlərdən biri də 1970-1980-ci illərdə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilməsi idi. O vaxt Azərbaycandan kənarda təhsil almağa göndərilmiş, indi xalqımızın fəxrlə "Heydər Əliyevin kadrları" adlandırdığı 15 mindən çox gənc bu gün xalq təsərrüfatının, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində uğurla çalışırlar. Ulu Öndərimiz hakimiyyətdə olduğu bütün dövrlərdə - 1970-80-ci illərdə, həm də müstəqillik dövründə Azərbaycanın və xalqımızın hərtərəfli inkişafında çox mühüm rol oynayıb. Bu dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki bu siyasət Azərbaycana daim uğur və xoşbəxtlik gətirir. Ulu Öndərimizin siyasəti yaşayır, möhkəmlənir və zənginləşir.

"Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqının dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur..." deyən Ulu Öndərin o zaman, bütün təzyiqlərə baxmayaraq, 1978-ci il Konstitusiyasında Azərbaycan dilini dövlət dili kimi qəbul etdirməsi, həqiqətən, Onun öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət olmuşdur.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sənayenin, istehsalatın, elmin, təhsilin, mədəniyyətin, bir sözlə, hər bir sahənin əsaslı inkişafına nail olunmuşdu. 1970-ci ildə 1965-ci illə müqayisədə respublikada ümumdaxili məhsul 34 faiz, milli gəlir 33 faiz, sənaye istehsalı 37 faiz, kənd təsərrüfatı 27 faiz, əsaslı vəsait qoyuluşu 43 faiz, əsas istehsal fondları 34 faiz artmışdı. Növbəti illərdə bu inkişaf dinamikası daha da güclənmişdi. Ümumiyyətlə, 1969-cu ilədək Azərbaycanda cəmi 233 iri və orta sənaye müəssisəsi işləyirdisə, 1970-1982-ci illərdə bölgələri də əhatə edən 300-ə yaxın yeni iri və orta sənaye müəssisəsi işə salınmışdı. O, Sovet imperiyası dövründə sərt totalitar rejimin, az da olsa, verdiyi imkanlardan maksimum istifadə edərək, bəzən isə imkanları məhdudlaşdıran qanunlardan məharətlə yan keçərək, Azərbaycanın sosial-iqtisadi, siyasi-mədəni inkişafı, bütövlükdə, onun çiçəklənməsi üçün mümkün olan hər şeyi etmişdir.

1994-cü il sentyabrın 20-si - Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft Sazişi

O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran amillər böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. Sonradan "Əsrin müqaviləsi" adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.

"Xalq - Heydər, Heydər - Xalq" birliyi

Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünən Ümummilli Lider bugünkü Azərbaycanın sürətli inkişafının təməl daşları da, məhz Heydər Əliyevin qüdrətli əlləri ilə hörülüb. Müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Təsadüfi deyil ki, Ümummilli Liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etməkdə olan Azərbaycanın vətəndaşları olmaqdan qürür duyur, Böyük Öndərə sayğı və məhəbbətini Onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.

Xalq növbəti dəfə öz Öndəri, xalqın inam və ümid yeri Heydər Əliyev olduğu üçün 1998-ci il 11 öktyabrda növbəti düzgün seçimini etdi. Ulu Öndər Heydər Əliyevə səs verməklə haqqa, ədalətə, ölkədə sabitliyin qorunmasına, tərəqqiyə səs verəcəklərini bildirdilər. Çünki son 5 ildə "Xalq - Heydər, Heydər - Xalq" ifadəsi prezident və xalq birliyinin möhtəşəm formuluna çevrilmişdi. Özünü Heydər Əliyevə siyasi rəqib kimi göstərmək istəyən müxalifət düşərgəsində də artıq başa düşürdülər ki, növbəti seçkidə də məğlub olacaqlar. Beynəlxalq aləmdə də, hamı əmin idi ki, 1993-cü ilin yayında Azərbaycan xalqını qardaş qırğınından, dövləti isə məhv olmaqdan xilas etmiş Heydər Əliyev növbəti dəfə də prezident seçiləcəkdir.

Həmin dövrdə bəzi qüvvələr müdrik siyasətçinin əleyhinə təbliğat aparsalar da, xalq iradəsi hər şeyə qalib gəldi və Azərbaycan xalqı da 11 oktyabr 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevə səs verdi. 76,1 faiz səslə Ulu Öndər Heydər Əliyev xalqın səsəini toplayaraq, yenidən Azərbaycanın Prezidenti seçildi.

Ulu Öndərin ikinci prezidentlik dövründə qazanılmış iqtisadi nailiyyətlər diqqəti cəlb edir. Belə ki, 1997-2002-ci illərdə sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz artmışdı. Hasilat sənayesi ilə yanaşı, qeyri-neft sektoru - emal sənayesi də inkişaf edirdi. Göstərilən müddətdə emal sənayesi sahələrində məhsul istehsalı 24 faiz, o cümlədən, yeyinti sənayesində 22 faiz, taxta məmulatı istehsalında 3,5 dəfə, metallurgiya sənayesində 2,5 dəfə artmışdır.

İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etmişdir. 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə artaraq, 4,6 trilyon manata çatmış, xərcləri isə 72 dəfə artaraq, 4,7 trilyon manat olmuşdu.

Beləliklə, Ulu Öndərin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül məngənəsindən çıxaraq, iqtisadi inkişaf və yüksəliş yoluna qədəm qoymuşdu. Ona görə də, 2003-cü ilin prezident seçkilərində xalq yenidən Heydər Əliyev siyasətinə səs verdi...

"Hər bir azərbaycanlıın Prezidentiyəm"

Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları Onunu layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda çox böyük sürətlə məktəblər, xəstəxanalar və sair obyektlər tikilir, insanları narahat edən əsas məsələlər öz həllini tapır. Ölkəmizin bütün sahələrində gərgin iş gedir və bu işlər Azərbaycanın xoşbəxt gələcəyinə xidmət edir. Azərbaycan yaxın zamanda çox qüdrətli bir ölkəyə çevriləcək, vətəndaşlarımız güclü, azad, sivil və gözəl ölkədə yaşamaqları ilə fəxr edəcəklər.

Hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı başında Milli Öndər Heydər Əliyevin yetirməsi, Onun yaratdığı siyasi məktəbin davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının Prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində sözünün, vədinin sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən Cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm göstəricilər əldə edəcəkdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasət, bir daha sübut edir ki, Ulu Öndərin qətiyyətli səyləri nəticəsində, müstəqilliyi tam təmin olunan dövlətimiz durmadan inkişaf edir, çiçəklənir və qüdrətli dövlətə çevrilir. Dövlət müstəqilliyimiz daim güclənir və Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olmaqla, dünya birliyində fəal mövqe qazanır. Azərbaycanın kosmos ölkəsi olması dövlətimizin apardığı siyasətin bilik iqtisadiyyatına əsaslanan və gələcəyə hesablanmış uğurlu strateji siyasət olduğuna bariz nümunədir. Belə praqmatik və uğurlu siyasətin müəllifi isə Heydər Əliyev məktəbinin layiqli davamçısı Azərbaycan Prezident İlham Əliyevdir.

Biz bu gün Ulu Öndərimizi xatırlayır və iftixarla deyirik ki, bəli, Azərbaycanın Ümummilli Lideri, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycanın memarı Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq, gələcək nəsillər Onun həyat yolunu araşdıracaq və öyrənəcəklər. Memarı və qurucusu Ümummilli Liderimiz olan müstəqil dövlətimiz qarşısında hər bir vətəndaşın borcu Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub-yaşatmaqdır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə