YAP Səbail rayon təşkilatında iclas keçirilib

Bu gün YAP Səbail rayon təşkilatının qərargahında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə geniş tərkibdə iclası keçirilib. YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı professor Şəmsəddin Hacıyev iclasda çıxış edərək, ölkəmizin ictimai-siyasi həyatında baş verən son hadisələr, ölkə başçısının "Valday" klubunun XVI forumundakı tarixi çıxışının dünya mətbuatında yaratdığı rezonans haqqında məlumat verib. Ş.Hacıyev qeyd edib ki, Azərbaycan bu gün bütün sahələrdə dinamik, şaxələnmiş və inklüziv inkişafını davam etdirir: "Beynəlxalq təşkilatlar ölkə əhalisinin rifahının ildən-ilə yüksəlməsi istiqamətində aparılan sosial islahatları yüksək qiymətləndirirlər və ölkəmiz bir çox sosial-iqtisadi göstəricilər üzrə beynəlxalq hesabatlarda ilk mövqelərdədir".

Ş.Hacıyev onu da bildirib ki, ölkəmizin dinamik inkişafı, ölkə başçısının xalqımızın milli maraqlarına xidmət edən müstəqil siyasəti, Azərbaycanın təbii sərvətlərinin sahibi olması müəyyən xarici qüvvələr tərəfindən qısqanclıqla qəbul edilir: "Bu səbəblə müstəqil dövlətçiliyimizə, ölkə başçısına qarşı, xüsusilə, virtual məkanda bir çox çirkin vasitələrlə anti-Azərbaycan təbliğatı təşkil olunur. Demokratik cəmiyyətdə sağlam müxalifətin mövcudluğu vacib şərtdir, lakin hazırda ölkəmizdə özünə müxalifət deyənlər, siyasi mübarizəni elementar etik qaydalar çərçivəsində təşkil edə bilməyən, yalnız dağıdıcılıq məqsədi güdən radikal qüvvələrdir. Sosial bazası, elektoratı yox səviyyəsində olan bu qüvvələr, açıq şəkildə, müəyyən xarici mənbələrdən maliyyələşirlər və bunun müqabilində konkret öhdəlikləri olduğu üçün sosial şəbəkələrdə cəmiyyətdə gedən prosesləri təhrif etməklə məşğuldurlar. Sosial şəbəkələrdə anti-Azərbaycan, antimilli təbliğatla məşğul olan dırnaqarası müxalifətin son "piket" səs-küyü məsələsinə də toxunan deputat bildirdi ki, siyasi mübarizənin də öz üsulları və müəyyən çərçivəsi var. Bu çərçivəni aşanlar, cəmiyyətdə anarxiya yaratmaq üçün çalışırlar. Artıq müxalifət sosial şəbəkələrdə də uduzduğunu görür, son mitinq istəkləri ilə bağlı təşkil etdikləri sorğuda iştirak edənlərin 87%-i mitinqə "yox" cavabını verdi, bu da, müxalifətin cəmiyyətdə sosial bazasının zəif olmasının bariz göstəricisidir".

Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, ərazi ilk partiya təşkilatları ilə əlaqələrin daha da gücləndirilməsi, partiyanın siyasi mübarizə formalarının müasir dövrün çağırışlarına uyğun qurulması, sosial şəbəkələrdə işin səmərəliliyinin yüksəldilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...