Bakıda AZANS-ın dəstəyi ilə “Digital Transformation Day” konfransı keçirilib FOTO

“Azərbaycan Hava Yolları”nın struktur bölməsi “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) dəstəyi ilə “Sheraton Baku Airport Hotel”də ilk beynəlxalq “Digital Transformation Day” konfransı keçirilib. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, konfransın əsas mövzusu “Azəraeronaviqasiyada rəqəmsal transformasiya və kibertəhlükəsizlik” olmuşdur. Xarici tərəfdaşların da dəstəyi ilə keçirilən tədbirdə ABŞ, Almaniya, Avstriya, Fransa, Rusiya, Böyük Britaniya, Çin və digər ölkələrin aparıcı provayderlərinin nümayəndələri iştirak ediblər.

Konfransda "AZANS"-ın direktoru Fərhan Quliyev salamlama nitqi ilə çıxış edərək bildirmişdir ki, hava nəqliyyatının təşkilində qabaqcıl rəqəmsal texnologiyalardan istifadə kibertəhlükəsizliyin yüksək səviyyədə təmin olunmasını və kibertəhlükələrdən qorunmanı tələb edir.

“Aeronaviqasiya provayderi olaraq, AZANS ən qabaqcıl texnologiyaların tətbiqi sayəsində hava nəqliyyatının iqtisadi səmərəli, təhlükəsiz, etibarlı, çevik və dayanıqlı idarə edilməsini təmin edir. Bu il AZANS Qəbələnin hava limanında hava hərəkətinin idarəedilməsi üçün rəqəmsal qüllənin istifadəsinin birinci mərhələsini uğurla başa vurdu. Yeni həll “Enhanced Airport Vision Display” platformasına əsaslanır ”, – AZANS-ın direktoru Fərhan Quliyev qeyd edib.

Hazırda AZANS Azərbaycanın hava məkanında pilotsuz uçuş aparatlarının (PUA) idarəedilməsi texnologiyasının tətbiqi üzərində iş aparır. Pilotsuz hava hərəkətinin idarəsi də həmçinin qabaqcıl rəqəmsal texnologiyalardan istifadə nəticəsində tətbiq olunacaq, lakin ənənəvi uçuşların təhlükəsizliyi prioritet məsələ olaraq qalacaq.

“AZANS qabaqcıl rəqəmsal texnologiyalardan, o cümlədən süni intellektdən və pilotsuz uçuş aparatlarının idarə olunması (PUA) və ya pilotsuz nəqliyyat vasitələrinin hərəkətinə nəzarət kimi tanınan sənayenin texnologiyalarından istifadə edərək, hava məkanında PUA-ların təhlükəsiz şəkildə tətbiq edilməsinin həlli yollarını axtarır. Eyni zamanda, bu cür yeniliklərin tətbiq olunmasının ənənəvi uçuşların təhlükəsizliyinə maneə törətməməsi prioritet məsələdir", – Fərhan Quliyev əlavə edib.

Bakıda keçirilən konfransın nəticəsində dünya mülki aviasiya tarixində ilk dəfə beynəlxalq hava naviqasiyasında kibertəhlükələr ilə mübarizədə birgə səylər barədə bəyannamə imzalanib.

Tədbirin nəticələrinin əks olunduğu videoçarx ilə bu linkdən tanış ola bilərsiniz: https://youtu.be/p2jKZ4hsu3Q

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...