Azərbaycanın ən müasir tarixində silinməz iz qoyan DAHİ

"Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz"

HEYDƏR ƏLİYEV

İctimai-siyasi və sosial-iqtisadi həyatının müstəqillik dövrünü yaşayan Azərbaycan yüksək göstəriciləri və nəticələri ilə dünya dövlətləri sırasında qüdrətini daha da artırır. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi, ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir. Müstəqil dövlətimizin uğurlarından qürurla söz açarkən, bu nailiyyətlərin təməlinin qoyulduğu zamanın - Azərbaycan tarixinin silinməz salnaməsi olduğunu qeyd etməliyik. Tarixin silinməz zamanına çevrilən həmin məqamlar müstəqil dövlətimizi təhlükələrdən xilas etdi və bugünkü dünyada nüfuz qazanmış müstəqil Azərbaycanın adını zirvələrə yüksəltdi. Bu tarix - xalqımızı nicata aparan yol - 1993-cü ilin 9 iyun tarixində başlanmışdır. O dövrdə siyasi hakimyyətdə olanların səriştəsizliyi üzündən vətəndaş müharibəsinə rəvac verildi, milli dövlətçiliyimiz ikinci dəfə məhv olmağın bir addımlığına gətirildi. Belə bir zamanda, xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Ümummilli Lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Onun bu qayıdışı Vətənin xilası və xalqın qurtuluşu idi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi, indi nə Azərbaycandan, nə də ölkəmizdəki bugünkü əmin-amanlıqdan və inkişafdan danışmaq olmazdı. Böyük Şəxsiyyət Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. O, "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz" deyirdi.

"AZƏRBAYCAN XALQININ MƏNƏ BƏSLƏDİYİ ÜMİDLƏR MƏNİ BU VƏZİFƏNİ ÜZƏRİMƏ GÖTÜRMƏYƏ MƏCBUR EDİBDİR"

Sonra hadisələr daha müsbət məcralara yönəldi və müasir müstəqil Azərbaycan Respublikasının tarixində son dərəcə əlamətdar gün olan 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqın 98,84 faiz səsini qazanaraq, Prezident seçildi. Ulu Öndər Heydər Əliyev 10 oktyabr 1993-cü ildə keçirilən andiçmə mərasimində deyirdi: "Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm". Ümummilli Lider ölkəmizin ən yeni tarixində böyük bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin iqtisadi-siyasi, sosial, mədəni, elmi əsaslarını yaradan və gələcək inkişafı müəyyənləşdirən inkişaf strategiyasının müəllifi oldu.

"AZƏRBAYCAN RESPUBLİKASI BİR MÜSTƏQİL DÖVLƏT KİMİ ÖZÜNÜ MÜDAFİƏ ETMƏYƏ QADİR ORDUYA MALİK OLMALIDIR"

Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan, Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: "Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir".

Bir müddət sonra Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ümummilli Lider Heydər Əliyev "Müstəqilliyin qoruması onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı.

"AZƏRBAYCAN XALQI AZADLIĞINI ƏLDƏ ETMİŞ XALQ KİMİ YAŞAYACAQ, ÖZ MÜSTƏQİL DÖVLƏTİNİ QORUYACAQ, SAXLAYACAQ VƏ MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI ƏBƏDİ YAŞAYACAQDIR"

1998-ci il oktyabrın 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. Ulu Öndər Heydər Əliyev xalqın yüksək fəallığı şəraitində keçən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevə ikinci dəfə böyük etimad göstərməsi, təbii ki, səbəbsiz deyildi. Heydər Əliyevin ikinci dəfə seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, Onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir çox təhlükələr qarşısında qalanda, məhz Ümummilli Liderin hakimiyyətə qayıdışı ölkədə köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, inkişafın Azərbaycan modelini yaratdı.

Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. "Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır" deyən Dahi Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - "Əsrin müqaviləsi" imzalandı. Bununla da, Azərbaycan, ilk dəfə olaraq, öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə, ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə, dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq, dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər müstəqillik Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyi əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır.

"ŞADAM Kİ, HEYDƏR ƏLİYEV SİYASƏTİ AZƏRBAYCANDA YAŞAYIR, DAVAM ETDİRİLİR, ZƏNGİNLƏŞİR VƏ ÖLKƏMİZ UĞURLA İNKİŞAF EDİR"

Bu gün Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Beynəlxalq təşkilatlar regiondakı bütün layihələrdə Bakının mövqeyini nəzərə alırlar. Ölkəmiz sosial-iqtisadi inkişafın tempinə görə dünya dövlətləri arasında liderlər sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində qeyd etmişdi ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Bu, belə də oldu. Cənab Prezidentin "Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir" deməsi çox böyük əsaslara söykənir. 2003-cü ildən bu günə qədər keçən dövr Azərbaycan sürətli inkişaf dövrünü yaşamış və dünyada analoqu olmayan iqtisadi templərlə inkişaf etmişdir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilmişdir, 2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Həqiqətən də, Azərbaycan son 16 ildə bütün istiqamətlər üzrə böyük uğurlara imza atıb. Ölkə başçısı İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında böyük rəğbət qazanmış bir ölkədir.

ÖLKƏMİZ TRANSMİLLİ LAYİHƏLƏRİN TƏŞƏBBÜSKARI VƏ ƏSAS İŞTİRAKÇISIDIR

Bu gün Azərbaycan yeni iqtisadi və sosial çağırışların, nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirilməsi üçün əsas məkan kimi tanınır, dünyaya özünü demokratik ənənələrə sadiq, hüquqi və sosial dövlət kimi təqdim edir. Ölkəmizin bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması və s. Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə daha da möhkəmləndirir. Azərbaycan Prezidentinin əməli fəaliyyətinin, iradəsinin nəticəsidir ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, qlobal əhəmiyyətli iqtisadi zonalar yaradılıb. "Cənub Qaz Dəhlizi"nin, TANAP layihəsinin istifadəyə verilməsi uğurlu hadisələr sırasındadır. Cənab Prezidentin vurğuladığı kimi, bunlar dünyada da çox böyük əks-səda yaradan layihələrdir. Enerji siyasətinə gəldikdə isə, Cənab Prezidentin qeyd etdiyi kimi, bunun təsiri təkcə ölkəmizdə hiss olunmur, Azərbaycanın təşəbbüsü ilə bölgədə, Avrasiya məkanında həyata keçirilən layihələr önəm daşıyır: "Biz dənizləri birləşdiririk. Xəzər dənizini neft kəmərləri ilə Qara dənizlə, Aralıq dənizi ilə, Azərbaycanı isə, qaz xətti ilə Avropa ilə birləşdiririk".

Həqiqətən də, Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək, bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə, haqlı olaraq, fəxr edə bilər. Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələri möhkəmlənib və iqtisadiyyat dinamik inkişaf edib. Dövlət neft strategiyasının həyata keçirilməsi ilə yanaşı, bu illər ərzində ölkəmizdə müasir iqtisadiyyatın əsaslarının yaradılması, torpaq islahatlarının həyata keçirilməsi, sahibkarlığın inkişaf etdirilməsi və maliyyə-bank sisteminin qurulması istiqamətlərində mühüm layihələr gerçəkləşdirilib. Ulu Öndər Heydər Əliyevin strateji xəttini siyasi, iqtisadi, sosial və s. kimi bütün sahələrdə uğurla davam etdirən Cənab İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirib.

Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq, humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılıb. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilib, dünyanın mötəbər universitetlərində minlərlə Azərbaycan gəncinin təhsil alması üzrə Dövlət Proqramı gerçəkləşdirilib, yeni universitetlər açılıb və təhsildə özəl sektor formalaşıb. "ASAN xidmət" şəbəkəsi, ünvanlı sosial yardım, aztəminatlı ailələrin əlverişli şərtlərlə mənzillə təmin olunması və digər layihələr dövlətin sosialyönümlü siyasətinin göstəricisidir. Bütün əldə edilən bu və ya digər uğurlar müstəqil Azərbaycanın tarixi nailiyyəti və Ulu Öndər Heydər Əliyevin əsasının qoyduğu inkişaf strategiyasının məntiqi nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...