YAP Binəqədi rayon təşkilatı gənclərlə görüş keçirib

Yeni Azərbycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında partiyanın üzvü olan tələbələrlə görüşü keçirib. Görüşdə YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin fəaliyyəti, qarşıda duran vəzifələr, gənclərin ictimai-siyasi fəallığının artırılması, Azərbaycan gənclərinin tutduğu mövqe və digər bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının prorektoru Fərhad Möhbalıyev Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatda mühüm rolundan danışaraq, ölkədə hakim partiya olduğunu bildirdi.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyev tərəfindən 1992-ci il noyabrın 21-də ölkəmizin ağır sınaqlara məruz qaldığı dövrdə yaradıldığını qeyd edib və keçdiyi keçməkeşli tarixdən danışıb. Rayon təşkilatının sədri YAP-ın Cənubi Qafqazın ən böyük partiyası olduğunu, hazırda partiya üzvlərinin sayının 750 minə yaxın olduğunu bildirdi. Natiq partiyanın dövlətin və cəmiyyətin davamlı inkişafına daim xidmət etdiyini, partiya üzvlərinin cəmiyyətin siyasi həyatında mühüm rol oynadığını vurğuladı. YAP Binəqədi rayon təşkilatının fəaliyyəti, həyata keçirdiyi tədbirlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verdi.

Tədbir zamanı çıxış edən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri, rayon təşkilatının gənclər birliyinin fəalları çıxış edərək, ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən və bütün sahələr üzrə gənclərin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü islahatlardan danışdılar. Çıxışçılar gənclər birliyinin fəaliyyətinin uğurlu olduğunu qeyd etdilər.

Sonda gənclər də, öz növbəsində, bu cür görüşün təşkil edildiyinə və onlarla birgə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin və diskussiyanın aparıldığına görə təşəkkürlərini bildirdilər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə