Paşinyan Los-Ancelesdə şok yaşadı - VİDEO

Sentyabrın 22-də Los-Ancelesə səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan gözləmədiyi hadisə ilə rastlaşıb. SİA xəbər verir ki, erməni icmasının keçirdiyi mitinqdə çıxış edən Paşinyan səmada “Karabakh is Azerbaijan! End the Occupation” (Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!) şüarını daşıyan təyyarə görəndə çıxışını dayandırmalı olub.

Hadisə belə olub: Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu Paşinyanın mitinqdə çıxış edəcəyini nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los-Anceles səmalarına ingilis dilində böyük hərflərlə “Karabakh is Azerbaijan! End the Occupation” (Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!) şüarını daşıyan təyyarələr qaldırılıb.

Bütün günü Los-Anceles üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.

Bundan əlavə, üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Los-Ancelesin ən müxtəlif guşələrini dolaşaraq, böyük sayda şəhər sakininin Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlanmasına səbəb olub. Plakatlarda Azərbaycanın 20% ərazisinin işğal olunduğu, 1 milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı soyqırımı həyata keçirildiyi, Xocalı soyqırımı və digər məsələlər barədə məlumat verilib.

Xatırladaq ki, yarım milyonadək erməninin yaşadığı Los-Anceles və ətrafı ABŞ-da ermənilərin ən çox yaşadığı yerdir.

Bütün xəbərlər Facebook səhifəmizdə