Naxçıvanda KİV-ə dövlət dəstəyi ilə bağlı konkret mexanizmlər formalaşdırılıb

Müasir dövrdə kütləvi informasiya vasitələri hər bir ölkənin, cəmiyyətin inkişafında mühüm rol oynayan əhəmiyyətli təsir vasitələrindəndir. Təsadüfi deyil ki, ölkələrin perspektivləri, beynəlxalq aləmdə tutduğu mövqeyi nəzərdən keçirilərkən həmin dövlətlərdə kütləvi informasiya vasitələrinin mövcud vəziyyətinə daha çox diqqət yetirilir, bir sıra məsələlər bu amillə dəyərləndirilir. Çünki müasir təcrübədən də göründüyü kimi, mətbuatı zəif olan dövlətlər istər daxili, istərsə də xarici siyasətin həyata keçirilməsində ciddi maneələrlə qarşılaşır ki, bu da, nəticədə, bütün sahələrdə geriləməyə yol açır. Bu gün qürurla deyə bilərik ki, gündən-günə çiçəklənən, güclənən ölkəmizdə, o cümlədən muxtar respublikamızda kütləvi informasiya vasitələrinin müasir dövrün tələblərinə uyğun fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Tarixə nəzər yetirdikdə görürük ki, muxtar respublika mətbuatı yarandığı ilk gündən cəmiyyətə xidmət edib, insanları daha işıqlı gələcəyə, bu yolda inamla, fədakarlıqla çalışmağa səsləyib, böyük ziyalı nəslinin, siyasətçilərin yetişməsində mühüm rol oynayıb. “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada – orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm o vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıbdır”, – deyən ümummilli liderimiz Heydər Əliyev bununla həm də mətbuat orqanlarının əhəmiyyətini, onların cəmiyyətin inkişafında, şəxsiyyətlərin formalaşmasında mühüm rolunu ön plana çıxarmış olur.

Muxtar respublika mətbuatı çox böyük inkişaf yolu keçib

Ötən illər ərzində muxtar respublika mətbuatı çox böyük inkişaf yolu keçib. Bu məsələdə Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı və davamlı dövlət qayğısı mühüm rol oynayıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı mətbuatın inkişafına əsaslı töhfəsini verib. Sərəncamdan sonra muxtar respublikanın bütün mətbuat orqanlarının normal fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların maddi-texniki bazası daha da gücləndirilib. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə isə Televiziya və Radio Şurasının yaradılması bu sahənin inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bu gün muxtar respublikanın hər bir şəhər və rayonunun özünün dövri mətbu orqanı vardır.

Bu gün muxtar respublikaya gələn xarici ölkələrdən olan həmkarlarımızın ən çox diqqətini çəkən məqamlardan biri də Naxçıvanda qəzetlərin yüksək poliqrafik keyfiyyətlə dərc olunmasıdır. Onlar etiraf edirlər ki, bu məsələdə diyarımız dünya səviyyəsində uğur əldə edib.

Təbii ki, buna asan nail olunmayıb. Muxtar respublikamız iqtisadi baxımdan inkişaf etdikcə, mətbuatın problemləri də öz həllini tapıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun böyük diqqət və qayğısı nəticəsində 2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni bina istifadəyə verilib. Burada müasir mətbəə avadanlıqlarının quraşdırılması sayəsində muxtar respublikanın bütün qəzet və jurnalları bu gün yüksək poliqrafik keyfiyyətlə dərc olunur. Bu gün muxtar respublikaya gələn xarici ölkələrdən olan həmkarlarımızın ən çox diqqətini çəkən məqamlardan biri də Naxçıvanda qəzetlərin yüksək poliqrafik keyfiyyətlə dərc edilməsidir.

Ali Məclis Sədrinin kütləvi informasiya vasitələrinə göstərdiyi qayğı nəticəsində təkcə ötən il dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manata yaxın olan müxtəlif avadanlıqlar verilib. Bu gün Naxçıvan Dövlət Teleradiosu, o cümlədən “Naxçıvanın səsi” radiosu və “Kanal-35” televiziyası ən müasir rəqəmsal bazaya malikdir. Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binası yenidən qurulub, yeni nəsil rəqəmsal teleradio avadanlıqları quraşdırılıb. “Şərq qapısı” qəzetinin yeni internet saytı istifadəyə verilib, əməkdaşların əməkhaqqları bu ilin sentyabr ayından 20 faiz artırılıb. Bütün bunlar dövlətin mətbuata göstərdiyi böyük diqqət və qayğının təzahürüdür.

Davamlı dövlət dəstəyi müasir dövrümüzün tələbinə çevrilib

Ali Məclis Sədrinin 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mətbuata böyük dövlət qayğısının daha bir nümunəsidir. Yeni dövlət qurumu muxtar respublika mediasının inkişafı ilə bağlı məsələlərlə birbaşa məşğul olacaqdır.

Bəs, Fondun yaradılmasını zəruri edən amillər hansılardır? Əvvəlcə onu qeyd edək ki, cəmiyyətin sosial-siyasi və mədəni həyatında kütləvi informasiya vasitələrinin təsirinin güclənməsi, müasir informasiya və telekommunikasiya texnologiyalarının inkişafı bu sahədə infrastrukturun daim yeniləşməsini və jurnalistlərin peşəkarlığının artırılmasını zəruri edir. İnformasiya cəmiyyətinin yaradılması fonunda dünya informasiya məkanına inteqrasiya edən muxtar respublikada da kütləvi informasiya vasitələrinin inkişafına və fəaliyyətinin təkmilləşməsinə davamlı dövlət dəstəyi müasir dövrümüzün tələbinə çevrilib. Bu baxımdan yaradılan yeni qurum redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, jurnalistlərin peşəkarlığının artmasına şərait yaratmaq, onların sosial müdafiəsini daha da gücləndirmək kimi çox əhəmiyyətli işlər həyata keçirməklə bu sahənin davamlı inkişafını təmin edəcəkdir.

Digər tərəfdən bu gün muxtar respublikada “Şərq qapısı” ilə yanaşı, 8 şəhər və rayon qəzeti, 4 jurnal, universitet televiziya və radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio və 6 nəşriyyat, Naxçıvan Mətbuat Şurası, Televiziya və Radio Şurası fəaliyyət göstərir, kütləvi informasiya orqanlarında 400-dən çox əməkdaş çalışır. Bu, heç də kiçik rəqəm deyil. Ona görə də həmin kütləvi informasiya vasitələri ilə əlaqəli işləyəcək, onların qarşılaşdıqları bütün məsələləri həll edəcək və daim dövlət dəstəyini həyata keçirəcək nüfuzlu bir quruma ehtiyac var idi. Bu baxımdan Fondun yaradılması ilə faktiki olaraq muxtar respublika mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələnin əsası qoyulmuş oldu. Çünki Fond kütləvi informasiya vasitələrinə dövlət dəstəyini daha dolğun, sistemli və ardıcıl şəkildə həyata keçirəcək, cəmiyyət və media arasında səmərəli əməkdaşlığın genişləndirilməsinə şərait yaradacaqdır.

Yeni dövlət qurumu kütləvi informasiya vasitələrinin inkişafına, onların fəaliyyətinin təkmilləşdirilməsinə əsaslı töhfə verəcəkdir

Fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində fəal iştirak edəcək Fond kütləvi informasiya vasitələrinin inkişafına maliyyə təminatı yaratmaq üçün, eləcə də onların iqtisadi müstəqilliyinin gücləndirilməsinə, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə yönəldilmiş tədbirləri də həyata keçirəcək.

Bundan başqa, yeni dövlət qurumu kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı təhlillər aparacaq, ictimai rəyin öyrənilməsini təşkil edəcək, medianın inkişafına metodik, təşkilati-texniki, konsultativ, müsabiqəli və müsabiqəsiz maliyyə və digər formalarda dövlət dəstəyinin göstərilməsi üçün müvafiq tədbirlər görəcək.

Yeri gəlmişkən qeyd edək ki, metodik dəstək kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, onların informasiya əldə etmək imkanlarının genişləndirilməsi, media nümayəndələrinin ixtisas və peşə hazırlığının artırılması üçün tövsiyələr, materiallar, məlumat kitabçaları və digər vəsaitlərin hazırlanması yolu ilə həyata keçirilir. Təşkilati-texniki dəstək müxtəlif tədbirlər zamanı kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə zəruri şəraitin yaradılması, həmçinin fikir, söz və məlumat azadlığı, plüralizm və medianın inkişafı mövzusunda ictimai maraq doğuran seminarların, konfransların, təlimlərin və digər tədbirlərin təşkilinə dəstək göstərilməsi vasitəsilə reallaşdırılır. Konsultativ dəstək qanunvericilik və digər normativ-hüquqi aktların şərhi və izahında, iş metodları və istiqamətləri, dövlət dəstəyinin göstərilməsi imkanları və sair məsələlər barədə məlumat verilməsində ifadə olunur. Maliyyə dəstəyi isə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturunun modernləşdirilməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə yönəlmiş proqramların, layihə və tədbirlərin maliyyələşdirilməsi məqsədilə dövlət tərəfindən yardımlar ayrılmasını nəzərdə tutur.

Bundan sonra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədilə müsabiqələrin keçirilməsi qaydaları Fond tərəfindən müəyyənləşdiriləcəkdir. Qurum layihələrin həyata keçirilməsi üçün müvafiq vəsaitin xərclənməsi istiqamətlərini müəyyən edəcək, layihələrin reallaşdırılması məqsədilə müsabiqələr keçirəcək.

Muxtar respublikada mediaya dövlət dəstəyinin verilməsi istiqamətində fəaliyyət göstərəcək belə bir mühüm dövlət qurumunun yaradılması Naxçıvanda kütləvi informasiya vasitələrinin inkişafına böyük həssaslıqla yanaşıldığını bir daha göstərir. Bu sahənin inkişafına nail olmaq üçün xüsusi mexanizmlərin formalaşdırılması qədim diyarda ictimai nəzarət funksiyasını uğurla yerinə yetirən medianın informasiya cəmiyyətinin formalaşmasında, mütərəqqi ənənələrə əsaslanmaqla və xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişafını daha da sürətləndirəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...