Plastik torbaların ödənişli satışı ilə bağlı təkliflər hazırlanıb

Yüngül çəkili plastik torbaların satışı üçün ödənişli sistemin tətbiqi ilə bağli Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış təkliflər razılaşdırma mərhələsindədir. SİA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.

Onun sözlərinə görə, çox yüngül (pinqvin) torbaların ölkə ərazisində dövriyyəsinin qadağan olunması artıq razılaşdırma mərhələsini keçib: "Belə polietilen torbaların əvəzinə bazara alternativ məhsullar, ətraf mühit üçün zərərli olmayan kağız, parça torbalar çıxarılmalıdır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri həmçinin tullantıların idarəolunmasına da münasibət bildirib. Qeyd edib ki, özəl sektoru maraqlandırmaq üçün qanunvericilik sahəsi üzrə təkliflər hazırlayıb.

Onun sözlərinə görə, əsas məqsəd plastik tullantıların qarşısını almaqdır.

O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimaiyyətin diqqətini cəlb etmək üçün aksiyalar keçirdiyini də söyləyib: "Tullantıların idarə olunmasında özəl sektor da maraqlı olmalıdır. Heç bir ölkədə dövlət özü bütün tullantıları idarə etmir. Bununla bağlı qəbul edilmiş beynəlxalq tələblər var. Sahibkar ərazini çirkləndirirsə, tullantıların idarə olunması da onun üzərinə düşür. Tullantıların idarə olunması məsuliyyətinin istehsalçı və istehlakçılar arasında bölüşdürülməsinə dair qanunvericilik sahəsində dəyişikliklərlə bağlı təkliflər müzakirələrdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...