"Əsrin müqaviləsi"- 25 il - davamlı iqtisadi inkişafa aparan yol

Düz 25 il bundan qabaq 1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan və dünyanın 8 müxtəlif ölkəsini təmsil edən 13 məşhur neft şirkəti arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəkilində bölüşdürülməsi" haqqında - "Əsrin müqaviləsi" adlı tarixi saziş imzalandı. Bu tarixi sənəd Azərbaycanın müasir inkişafının, iqtisadi uğurlarının təməlində dayanan uzaqgörən bir addım oldu. Və 2000-ci ilədək olan qısa müddətdə Azərbaycanın neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsinə 12 ölkənin 29 iri enerji şirkəti cəlb edildi, onların iştirakı ilə neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə 30-dan çox beynəlxalq saziş imzalandı. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərləri istismara verildi.

Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftin satışından daxil olan vəsaitlərin səmərəli istifadə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. 1999-cu ildə "Şahdəniz" qaz yatağının kəşfi və buradan hasilatın başlaması isə ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında və dünya enerji bazarında böyük hadisəyə çevrildi. Beləliklə, zaman keçdikcə Heydər Əliyevin neft strategiyasının davamlı uğurları Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisinə çevrildi. Bir sözlə desək, neft strategiyası əsas məqsədinə nail olmağa başladı. Çünki həyata keçirilən neft siyasətinin də əsasını, məhz ölkənin proporsional iqtisadi inkişafı, sosial problemlərin həlli, vətəndaş azadlığının və digər demokratik dəyərlərin təmin olunması təşkil edirdi. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan iqtisadiyyatı öz inkişafının çox mühüm mərhələsinə qədəm qoyub.

Ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən irimiqyaslı islahatlar, imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlar, reallaşan dövlət proqramları sayəsində Azərbaycan iqtisadi artım göstəriciləri ilə dünyanın lider dövlətləri sırasındadır. Bu gün ölkəmiz nəinki Qafqazda, həm də bütün bölgədə söz sahibidir. Azərbaycanın iştirakı olmadan bölgədə qlobal layihələrin həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikasının coğrafi mövqeyindən irəli gələn bu imkanları ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlar daha da artırır. Aparılan islahatlar nəticəsində son illər Azərbaycan iqtisadiyyatı dünyada analoqu olmayan sürətlə artmışdır. Daha dəqiqi desək, yeni neft strategiyası bir daha Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu bəyan etdi. Son dövrlər isə BTC-nin tam gücü ilə fəaliyyətə başlaması ölkəmizin inkişafında daha önəmli rol oynamışdır.

Bəli, Azərbaycan iqtisadiyyatı Ümummilli Lider Heydər Əliyevin yaratdığı təməl üzərində hərtərəfli və dinamik inkişaf edir. Bu gün ölkədə mühüm qlobal proqramlar, irimiqyaslı layihələr, müxtəlif sahələri əhatə edən çoxsaylı dövlət proqramları həyata keçirilməkdədir ki, bütün bunlar da ən ümdə məqsədə - Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, nüfuzunun artmasına, beynəlxalq aləmdə ədalətli mövqeyinin təmin olunmasına və ən başlıcası, ölkədə həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası neft-qaz ölkəsi kimi bölgədə liderliyini inamla davam etdirir.

Bəli, bu gün ölkə başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr nəticəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanır. Artıq Azərbaycan inkişafın keyfiyyətcə yeni mərhələsinə keçmişdir. Müasir Azərbaycan iqtisadiyyatı MDB məkanında ən sürətli və dinamik inkişaf edən iqtisadiyyat olmaqla yanaşı, ümumi daxili məhsulun artım tempinə görə dünyada birinci yerdədir.

Beləliklə, respublikamızın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasi və iqtisadi inkişafına, rifahına xidmət edir. Prezident İlham Əliyev xüsusi vurğulamışdır ki, Azərbaycan Respublikasının həyata keçirdiyi neft və qaz layihələri bu gün dünyada enerji inkişafının möhkəm bünövrəsidir. Bütün bu uğurların təməli isə "Əsrin müqaviləsi"nə söykənir.

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...