Astaranın Maşxan kəndində əhali ilə görüş

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə növbəti görüşü Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Maşxan kəndində olub. SİA-nın məlumatına görə, rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etdiyi səyyar qəbul görüşdə sakinlərin arzu və təklifləri dinlənilib, irəli sürdükləri məsələlərin həlli ilə əlaqədar müzakirələr aparılaraq tədbirlər müəyyənləşdirilib.

Tədbir iştirakçıları çıxışlarında Respublikada mühüm əhəmiyyət kəsb edən, ölkəmizin inkişafına, tərəqqisinə və insanların həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənən çoxsaylı layihələrin həyata keçirilməsindən məmnunluq duyduqlarını, cənab Prezidentin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar ardıcıl olaraq imzaladığı sərəncamlardan razılıqlla danışaraq, bu diqqət və qayğıya görə cənab Prezidentə hədsiz minnətdarlıqlarını bildiriblər.

Rayonda son illər tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət aldığını qeyd edən sakinlər, ən ucqar kəndlər də daxil olmaqla çəkilən asfalt yolların, inşa edilən təhsil və səhiyyə müəssisələrinin, dəniz kənarında salınan yüksək səviyyəli park-bulvar kompleksinin rayonunun simasını xeyli dəyişdiyini, bu gözəllikdən qürur duyduqlarını vurğulayıblar.

İcra başçısı son zamanlar əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətindəki mühüm dövlət tədbirlərindən söhbət açaraq bunları dövlətin öz vətəndaşlarına olan hədsiz qayğısı olduğunu bildirib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifahının yaxşılaşdırılmasının möhtərəm Prezidentimizin və dövlətimizin siyasətinin əsasını təşkil etdiyini bildirərək, görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, banisi ulu öndər Heydər Əliyevin olduğu müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırıb.

İcra başçısı Qəzənfər Ağayev qaldırılan bir çox məsələnin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar verib, digərlərinin həllinin diqqətdə saxlanılacağını qeyd edib.

Səyyar qəbul-görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxış edərək Respublikada sosial-iqtisadi sahədə gedən işlər barədə əhalini məlumatlandırıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...