"Azərbaycan dövləti təhsilin inkişafına, gənc nəslin inteqrasiyasına böyük önəm verir"

Azərbaycan dövləti təhsilin inkişafına, gənc nəslin inteqrasiyasına böyük önəm verir. Təkcə paytaxtda deyil, regionlarda və ucqar kəndlərdə də müasir tipli məktəblərin tikilib istifadəyə verilməsi bunu sübut edir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Levan Xaratişvili söyləyib.

O deyib ki, Gürcüstan hökuməti Azərbaycanın Qax rayonunda gürcüdilli məktəb üçün yeni binanın inşa olunmasına çox böyük önəm verir. Müasir tələblərə cavab verən istənilən təhsil ocağının tikilməsi və istifadəyə verilməsi çox müsbət addımdır. "Biz Qax rayonunun Əlibəyli kəndində müasir tipli məktəbin istifadəyə verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirik", – deyə L.Xaratişvili vurğulayıb.

Nazir müavini yaxın vaxtlarda Azərbaycana səfər edəcəyini də bildirib. O deyib ki, qarşılıqlı səfərlər, fikir və təcrübə mübadiləsi iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin daha da möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...