Daşkəsənin Şahvələdli kəndində sakinlərlə səyyar-qəbul keçirilib

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Prezident Administrasiyasının məsul işçisi Arif Novruzovla birgə sentyabrın 19-da Şahvələdli kəndində sakinlərin növbəti səyyar qəbulunu keçirib. SİA-nın verdiyi məlumata görə, Əhəd Abıyev kənd sakinlərini salamladıqdan sonra giriş nitqi ilə çıxış edərək deyib:

- Ölkə rəhbərinin tapşırığına əsasən keçirilən hər bir səyyar görüşdə olduğu kimi, bugünkü görüşümüzün də əsas məqsədi siz kənd sakinlərini narahat edən məsələləri müəyyən etmək və onların həlli istiqamətində əməli işlər görməkdir.

Bu gün kəndlərdə sosial sahələrin inkişafı, əhalini narahat edən problemlərin yerində həlli məqsədi ilə keçirilən səyyar qəbullar Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri hörmətli Zeynal Nağdəliyevin şəxsən diqqət mərkəzindədir və səsləndirilən müraciətlər nəzarət qaydasında icra olunur. Ehtiyac olduğu halda aidiyyəti üzrə baş idarə və nazirliklər qarşısında məsələ qaldırılaraq həll edilir. Çünki dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Yerində həlli mümkün olan məsələlər operativ şəkildə həll ediləcək, ehtiyac gəldiyi halda isə aidiyyəti üzrə baş idarə və nazirliklər qarşısında qaldırılacaqdır.

Bu gün ölkəmizin hər bir bölgəsi günü-gündən inkişaf edir, abadlaşır, yeniləşərək müasir görkəm alır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla aparılan siyasətin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl prinsiplər üzərində quraraq uğurla həyata keçiririk. Bugünkü görüşümüz də bunun bariz nümunəsidir.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planında Daşkəsən rayonu üçün də icrası nəzərdə tutulmuş məsələlər vardır. Belə ki, Gəncə-Daşkəsən avtomobil yolunun 27-ci kilometrliyindən başlayan Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun asfalt örtüyünün və körpülərin yenidən qurulması işləri davam etdirilir.

Daşkəsən, Quşçu və Quşçu körpüsü qəsəbələrinin qazlaşdırılmasının, Qaraqullar, Xoşbulaq, Qabaqtəpə, Bayan kənd, Daşkəsən şəhər N. Nərimanov adına 3 nömrəli və S. Vurğun adına 4 nömrəli tam orta məktəblərin əsaslı təmirinin, Zinzahal və Çanaqçı kəndlərində yeni modul tipli tam orta məktəblərin qurulmasının şahidiyik və bu tikintilər davam etdirilir.

Sizlərin hər birini ölkə rəhbərimizin ətrafında həmişə olduğu kimi daha da sıx birləşməyə, ölkəmizdəki əmin-amanlığı, sabitliyi qorumağa, müasir müstəqil Azərbaycanımızın qüdrətlənməsi naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla həyata keçirdiyi işlərə hər zaman dəstək olmağa çağırıram.

Rayonumuzun inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərimizə hər birimizin adından dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə yüksəldilməsinə yönəldilmiş qərarların, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı həyata keçirilən tədbirlərin xalqımız tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandığını vurğulayıb. Dövlət büdcəsinin sosialyönümlü olduğunu diqqətə çatdıraraq əhalinin rifah halının yaxşılaşdırılması üçün hər zaman mühüm addımların atıldığını bildirib.

Arif Novruzov qəbul olunan dövlət proqramlarının icrası nəticəsində bütün regionlarda həyata keçirilən abadlıq-quruculuq işləri barədə də geniş məlumat verib. Həmçinin bildirib ki, kəndlərin sosial-iqtisadi inkişafı sahəsində davamlı tədbirlər həyata keçirilir. Belə ki, hətta ən ucqar dağ kəndlərinə müasir yollarının çəkilməsi, yeni məktəb binalarının tikintisi, mərhələ-mərhələ qazlaşma işlərinin aparılması, elektrik, su təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilir. Bütün bunlar əhaliyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər kənd yolunun cari təmiri, qaz xəttinin çəkilməsi, yararsız elektrik dayaqlarının dəyişdirilməsi və digər şəxsi məsələlərlə bağlı olub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib.

Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...