Kvemo Kartlinin qubernatoru Azərbaycan Prezidentinə minnətdarlıq edib

Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili Qax rayonunun Əlibəyli kəndində gürcüdilli tam orta məktəbin tikintisi ilə əlaqədar Azərbaycan Prezidentinə minnətdarlıq edib. Şota Rexviaşvili deyib ki, yeni məktəblərin tikintisi Azərbaycan dövlətinin, xüsusən də Prezident İlham Əliyevin ölkədə təhsilin səviyyəsinin yüksəldilməsini, maddi-texniki bazasının möhkəmləndirilməsini daim diqqət mərkəzində saxladığını sübut edir. Ucqar kəndlərdə də müasir məktəb binalarının tikilməsi, mövcud məktəblərin təmir edilməsi və ya yenidən qurulması təhsilə diqqət və qayğının göstəricisidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən Əlibəyli kəndində inşa edilən 216 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatıb və məktəb yeni dərs ili ərəfəsində şagirdlərin istifadəsinə verilib.

Sentyabrın 16-da Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda da əvvəllər “taxta məktəb” kimi tanınan məktəb binasının yerində inşa edilmiş yeni təhsil ocağının açılışı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...