Naxçıvanda yaşıllaşdırma və yeni bağların salınması diqqət mərkəzindədir

Bu ilin payız mövsümündə muxtar respublikada həyata keçiriləcək yaşıllaşdırma və yeni meyvə bağlarının salınması, ötənilki əkinlərdə bərpa işlərinin planlı aparılması üçün sentyabr ayının sonunadək ərazilərin sxem-planları hazırlanacaq, ting ehtiyatı müəyyənləşdiriləcək. SİA xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən müşavirədə müvafiq tapşırıqlar verilib.

Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər naziri Mais Əliyev çıxış edərək vurğulayıb ki, yuxarıda qeyd edilən məsələlərin həlli üçün texnika, maşın və mexanizmlər saz vəziyyətə gətirilməli, əkin işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rayonlaşdırma işləri həyata keçirilməli, torpaqların münbitliyinin artırılması tədbirləri diqqət mərkəzində saxlanılmalıdır.

“Nazirliyin digər qurumları Xüsusi mühafizə olunan təbiət əraziləri şöbəsi ilə birlikdə toxum tədarükünü ciddi nəzarətdə saxlamalı, dağlıq və meşə fondu ərazilərində toxumla əkin işlərinin aparılmasına üstünlük verilməli, yaşıllıq sahələrində qurumuş ağacların təmizlənməsi və hərbi hissələrə verilməsi işi davam etdirilməlidir”, – deyən nazir vurğulayıb ki, adıçəkilən şöbə və aidiyyəti idarələr, o cümlədən digər idarə və müəssisələr qış mövsümündə biotexniki tədbirlərin icra edilməsi üçün vaxtında qida ehtiyatı yaratmalı, lazım olan ərazilərdə anbarlaşdırılmalıdır. Biotexniki tədbirlərin xüsusi mühafizə olunan təbiət əraziləri ilə yanaşı, onlara həmsərhəd ərazilərdə, yeni salınmış yaşıllıq sahələrində keçirilməsinə də ciddi önəm verilməlidir.

Diqqətə çatdırılıb ki, Bioloji mühit və təbii sərvətlərdən istifadənin təşkili şöbəsi tərəfindən yay-qış otlaq sahələrində ekoloji monitorinqlər aparılmalı, ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə uyğun olaraq tədbirlər icra edilməlidir. Yaylaq mövsümü başa çatdıqdan sonra oba ərazilərində təmizlik yaradılması diqqətdə saxlanılmalı və qaşarlarda dezinfeksiya işləri təşkil edilməli, xüsusilə qış otlaq sahələrində təsərrüfat fəaliyyətinin tənzimlənməsi üçün müvafiq tədbirlər həyata keçirilməlidir.

Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...