"Hərbi vətənpərvərlik tərbiyəsi DSX-nin fəaliyyətində mühüm yer tutur"

Dövlət sərhədlərimizin etibarlı mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin (DSX) fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi mühüm yer tutur və bu istiqamətdə müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir. SİA xəbər verir ki, bunu sentyabrın 18-də Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Azad Ələkbərov “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimində deyib.

A.Ələkbərov bu tədbirlər sırasında ölkəmizin sərhədyanı rayonlarının yüzlərlə məktəbinin şagirdləri arasında keçirilən “Sərhəd” hərbi-idman oyunlarını, minlərlə məktəblinin və respublikamızın yaradıcı insanlarının iştirakı ilə müxtəlif nominasiyalar üzrə keçirilən yaradıcılıq müsabiqələrini qeyd edib. Bildirilib ki, DSX Vətənimizin sərhədlərinin toxunulmazlığını təmin etməklə, ümummilli və ümumdövlət maraqlarına daim sədaqətlə xidmət göstərməklə yanaşı, istirahət və təhsil problemlərinə biganə qalmır, ölkəmizdə sosial inkişaf proqramlarının, müxtəlif layihələrin uğurla həyata keçirilməsində iştirak edir. Bugünkü layihənin də əsas məqsədi gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların istirahətinin mənalı təşkilidir.

General-leytenant qeyd edib ki, əvvəllər də Dövlət Sərhəd Xidməti ilə “ASAN Xidmət” Könüllüləri Təşkilatının birgə təşəbbüsü ilə “Hərbiyyə” vətənpərvərlik düşərgələri təşkil olunub. Builki düşərgənin əvvəlkindən fərqli olaraq ölkəmizin dəniz sərhədlərinin mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bazasında təşkil olunub. “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin fəaliyyət göstərdiyi iki gün ərzində iştirakçılar Sahil Mühafizəsinin gəmi inşası və təmiri mərkəzində inşa olunaraq döyüş sıralarına daxil edilən mürəkkəb şəraitdə sürətli üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə müşahidə sistemləri ilə təchiz olunmuş “Tufan” və “Şahdağ” sərhəd gözətçi gəmiləri, Sahil Mühafizəsinin bazası, dənizçi sərhədçilərin xidmət və məişət şəraiti ilə yaxından tanış olacaq, hərbi hazırlıq üzrə müxtəlif tapşırıqları icra edəcəklər. Bunun üçün hər cür şərait yaradılıb. Düşərgənin fəaliyyəti Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin diqqət mərkəzindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə