Qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb

Lənkəran rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü rayonun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin SİA-ya daxil olan birgə məlumatında bildirilir ki, sentyabrın 14-də 1956-cı il təvəllüdlü Liman şəhər sakini Eyvaz Yusubovun bədənində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktına görə Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, şahidlər müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin tamah məqsədilə Lənkəran rayonunun Liman şəhər sakinləri - 1969-cu il təvəllüdlü Vidadi Hüseynovun, tanışları 1987-ci il təvəllüdlü Vüsalə Mirzəyeva və 1988-ci il təvəllüdlü Emil Quliyev ilə birlikdə qabaqcadan razılığa gəlməklə törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində V.Hüseynov, V.Mirzəyeva və E.Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

İş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...