Millət vəkili “Bilik günü” ilə bağlı keçirilmiş tədbirində iştirak edib

16 sentyabr 2019-cu il tarixində Xəzər rayonunun Mərdəkan qəsəbəsində ki, 183 nömrəli tam orta məktəbdə “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə bayram tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, bayram tədbirində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, məktəbin müəllimləri şagirdləri və valideynlər iştirak ediblər.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək ilk növbədə “Bilik günü” münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. E.Salahov çıxışında qeyd etmişdir ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.

Millət vəkili Rauf Əliyev çıxış edərək Bilik günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayaraq, ötən tədris ilinin də Xəzər rayonu üçün uğurlu olduğunu diqqətə çatdırıb, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərindən yüksək nəticələr göstərdiyini vurğulayıb. O, bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirib.

Tədbirin sonunda məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...