Birinciləri məktəbə necə öyrəşdirək? ARAŞDIRMA

Azərbaycanda 2019-2020-ci tədris ili başladı. Hər il olduğu kimi bu il də məktəblilər, valideynlər və müəllimlər ilk günü həyacanla qarşılamaqdadırlar. Xüsusilə də ilk dəfə məktəbə gedən birincilər bu gün daha çox həyacan keçirir, ağlayır, valideynlərindən ayrılmaq istəmirlər. Bu il ümumtəhsil məktəblərinin I sinfində 164 234 balaca fidanın təhsil alacağını nəzərə alsaq, o zaman minlərlə ilk dəfə parta arxasında əyləşənlərin ətrafında nə baş verdiyini anlamadığını deyə bilərik. Bu saya valideyn və müəllimlərin də həyacanını qatsaq, o zaman ilk dərs günün o qədər də asan keçmədiyi anlamış oluruq. Hətta ilk dərs günündə valideynlərin birincilərlə eyni parta arxasında əyləşdiyini də görə bilirik. Bəs görəsən birinciləri ilk dərs gününə necə hazırlaşdırmalıyıq?

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil üzrə ekspert Kamran Əsədov söyləyib ki, təhsil elə bir sahədir ki, bura qədəm qoyduqdan sonra insanın bütün həyatı istər-istəməz dəyişir.

Azyaşlıları məktəbə necə öyrəşdirək?

Onun sözlərinə görə, bu baxımdan da ilk günlərdən etibarən 1-cilərə nələrisə öyrətmək, onları ciddi rejimə salmaq yanlış addımdır: “İmkan daxilində çalışmaq lazımdır ki, azyaşlı şagirdlər orta məktəbə öyrəşsinlər və özlərini sərbəst apara bilsinlər. Əks halda 1-ci sinfə qədəm qoyan məktəblilərimiz elə ilk gündən etibarən ciddi problemlər yaşayırlar. Bu problemin aradan qaldırılması üçün ilk növbədə valideynlərin üzərinə ciddi yük düşür. Məsələn, gələn il övladları 1-ci sinfə gedəcək müəllimlər 1-2 il əvvəldən hazırlaşmalıdırlar ki, tədris prosesi başlayanda sıxıntılar yaşamasınlar. Yaxşı olardı ki, valideynlər övladlarını məktəblərin nəzdində fəaliyyət göstərən məktəbəqədər qruplara yazdırsınlar. Bu zaman uşaqlar 1-ci sinfə başlayanda məktəbə öyrəşəcək və parta arxasında problemlər yaşamayacaqlar”.

Valideynlər nə etməli?

Ekspert söyləyib ki, ilk dərs günündə valideynlərin övladları ilə birlikdə dərsdə iştirakı düzgün addım hesab olunmur: “Çünki, bir valideyn övladına qarşı xoş rəftar edəndə və ona sevgisini göstərəndə digər şagirdlərə də psixoloji təsir göstərir. Biz bir uşağı məktəbə öyrəşdirmək üçün mübarizə apardığımız halda, valideyndən məhrum olan şagirdləri təhsildən uzaqlaşdırmış oluruq. Bütün hallarda bu prosesin aradan qaldırılması, şagirdlərin məktəbə öyrəşməsi ilə bağlı dünya təcrübəsi var. Bu təcrübələri tətbiq etmək lazımdır”.

K.Əsədov qeyd edib ki, tədris ilinin ilk 10-15 günü şagirdləri ümumi hala öyrəşdirmək, məsələn, oyunlar, ciddi olmayan dərs rejimi tətbiq etmək lazımdır: “İlk günlərdən etibarən onlara əlifbanı, saymağı, şeiri öyrətmək lazım deyil. İcazə vermək lazımdır ki, uşaqlar məktəbə isnişsinlər. Əks halda, şagirdlər ciddi rejimə öyrəşmədikləri üçün məktəbdə qalmaq istəmirlər. Bu isə həm valideynlər, həm də müəllimlər üçün problemlər yaradır. Düşünürəm ki, bu problemi aradan qaldırmaq üçün ən azından sentyabr ayının sonuna qədər şagirdlərə qaçmağa, oynamağa, dəcəllik etməyə və özlərini sərbəst aparmağa şərait yaratmaq lazımdır. Çünki onlar hələ uşaqlıq dövrlərindən ayrılmayıblar”.

Psixoloqlar nə deyir?

Psixoloqların fikrincə isə adətən bağçaya, məktəbəqədər hazırlıq qruplarına getməyən uşaqlarda ilk dərs günü həyəcanı daha çox olur. Valideyinlərindən həddindən artıq aslı olan uşaq məktəbin ilk əsas qanunları ilə rastlaşır və panikaya duşür. Bu onun məktəbdən ilk gündən nifrət etməsinə səbəb ola bilir. Özgüvənsiz uşaqların problemləri daha da ağırlaşıb zədə almaması uçün onlarla adətən səbr və ehtiyatla davranmaq lazımdır. Belə uşaqların üstünə hirislənmək, qeyri-etik heç nə demək olmaz. Bəzi tədbirləri qabaqcadan önləmək mütləqdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...