Polis Akademiyasında andiçmə mərasimi olub

Bu il Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların sentyabrın 14-də andiçmə mərasimi keçirilib. DİN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, mərasimdə əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev mərasimdə çıxış edərək Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbrikini və ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin qayğısı ilə inkişaf yoluna çıxan, ölkə və DİN rəhbərliyinin xüsusi diqqəti və tələbkarlığı ilə ən müasir ali təhsil müəssisələrindən birinə çevrilən Polis Akademiyası indi böyük tərəqqi və təkmilləşmə dövrünü yaşayır. Akademiya daxili işlər orqanları üçün yüksək səviyyəli ali hüquq təhsilli zabit kadrlar hazırlayır. Məhz yaradılan şəraitin nəticəsidir ki, Akademiyanın təmsilçiləri respublika və beynəlxalq səviyyəli bilik və idman yarışlarında uğurlara imza atırlar.

N.Əliyev əminliyini bildirib ki, bu gün and içən hər bir gənc şəxsi nümunəsi ilə polisin cəmiyyətdəki nüfuzunun daha da artmasına çalışacaq, onun şanlı ənənələrinə layiq olacaq, etimadı və inamı doğruldacaq. Akademiyanın rəisi kursantlara dövlətə, dövlətçiliyə və xalqa hər zaman sədaqətli olmağı, yaxşı oxumağı, hüquqi bilikləri incəliklərinədək öyrənməyi tövsiyə edib.

Sonra Polis Akademiyasına qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş kursantlar polis andını içiblər.

Kursantlar çıxış edərək bildiriblər ki, bu gün onların həyatında ən əlamətdar günlərdən biridir. Bu anlar çətin, məsuliyyətli, həm də çox şərəfli polis sıralarına ilk qədəmlərini qoymaq hüququ qazanan hər bir gənc üçün qürurvericidir.

Mərasim şəxsi heyətin “Polis Akademiyasının marşı”nın sədaları altında təntənəli keçidi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə