AMEA-nın əməkdaşları Lənkəran REM-də olublar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) bir qrup əməkdaşı AMEA Lənkəran Regional Elm Mərkəzində (LREM) olub. SİA-nın məlumatına görə, Mərkəzin direktoru, aqrar elmlər doktoru, prof. Fərman Quliyev AMEA-nın əməkdaşlarına Mərkəzdə aparılan elmi-tədqiqat işlərindən, xüsusən də Azərbaycanda çayçılığın inkişafı ilə bağlı Dövlət Proqramının icrası istiqamətində görülən tədbirlər və əldə edilən nəticələr barədə ətraflı məlumat verib. MBBİ-nin laboratoriya müdirləri,biologiya elmləri doktorları Yaşar Feyziyev, Səftər Süleymanov, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov söhbət zamanı institutda aparılan elmi-tədqiqat işlərindən, elmi kadrların hazırlanması istiqamətində son yeniliklərdən, yeni laboratoriyalardan söz açıblar. Sonra qonaqlar Lənkəran REM-nin Azərbaycan Meyvəçilik və Çayçılıq ETİ-nin Lənkəran çay filialının təcrübə bazasında LREM-nin apardığı tədqiqatlarla tanış olub, prof. F.Quliyevin rəhbərliyi altında çay və sitrus bitkilərinin öyrənilməsi, rayonlaşdırılması və yeni sortlarının yaradılması istiqamətində görülən işlərlə maraqlanıblar.

Prof. Fərman Quliyev bildirib ki, aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq 2019-cu ildə 4 yeni çay sortu sort sınağından müvəffəqiyyətlə keçərək dövlət reyestrinə salınıb, dövlət sort sınağına qəbul edilən daha 2 sitrus-limon və narıngi formalarının sınağı davam etdirilir, həmçinin prof. F.Quliyevin təşəbbüsü və rəhbərliyi altında bölgə üçün İran İslam Respublikasından intruduksiya edilmiş tropik-subtropik quayava (Psidium quayava) bitkisinin becərilməsi imkanları öyrənilib.

Yerli şəraitə dözümlülüyü və məhsuldarlığı ilə seçilən yeni çay və sitrus sortlarının anaclıq bazasının yaradılması istiqamətində işlər davam etdirilir.

Görülən işlərdən məmnunluğunu gizlətməyən qonaqlar bundan sonra da qarşılıqlı əməkdaşlıq, elmi-texniki sahələrdə mütəxəssis mübadiləsi, LREM üçün mütəxəssislərin hazırlanması, gənclərin elmi tədqiqatlara cəlb edilməsi, digər maraq doğuran aktual məsələlər üzrə birgə elmi seminarların təşkili və s.barədə razılığa gəliblər

Qeyd edək ki, bu ilin martında AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, AMEA-nın Regional Elmi Mərkəzi və Lənkəran Dövlət Universiteti arasında elmi tədqiqat və kadr hazırlığı üzrə üçtərəfli əməkdaşlıq barədə Razılaşma Memorandumu imzalanıb.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə