Dağlıq Qarabağdan olan gənclərimizlə görüş keçirilib

Sentyabrın 13-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin ofisində Dağlıq Qarabağdan olan və bu il yüksək bal toplayıb ali məktəblərə qəbul olunan gənclərimizlə görüş keçirilib. SİA xəbər verir ki, görüşdə İctimai Birliyin sədri Tural Gəncəliyev bu gün informasiya müharibəsi şəraitində yaşadığımızı bildirib, buna görə də gənclərin sosial şəbəkələrdə fəallıq nümayiş etdirmələrinin vacibliyini qeyd edib. O deyib ki, bu gün Azərbaycan gəncləri beynəlxalq aləmdə informasiya savaşında öndə olmalıdırlar. Hazırda zəruri olan məsələlərdən biri də budur. Gənclər Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırmaq üçün sosial şəbəkələrdən fəal şəkildə istifadə etməlidirlər.

İcma rəhbəri vurğulayıb ki, qondarma, cinayətkar xunta rejimi hazırda Azərbaycanın işğal edilmiş ərazilərində erməni icmasını əsarət altında saxlayaraq azərbaycanlıların oraya geri qayıtmasını əngəlləmək məqsədilə işğalçılıq siyasətinin nəticələrini legitimləşdirmək üçün müxtəlif təxribatlara əl atır. Separatçı rejim bunun üçün qondarma “seçkilər” keçirir. Bir-iki deputatı və hansısa xarici ölkənin nümayəndəsini dəvət etməklə guya beynəlxalq təşkilatların təmsilçilərinin Dağlıq Qarabağa səfər etməsindən bəhs edən şoular düzəldirlər. Bu, təxribatdır və cinayətkar xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir. Bu təxribatların heç bir nəticəsi olmayacaq.

T.Gəncəliyev Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edənlərə də çağırış edib. O qeyd edib ki, Azərbaycanın əzəli torpaqları olan və hazırda işğal altında saxlanılan ərazilərinə qanunsuz səfərlər yolverilməzdir və bu səfərlərin heç bir hüquqi əsası yoxdur.

Sonra Tural Gəncəliyev gənclərə icmanın fəaliyyəti ilə bağlı məlumat verib və videoçarxlar nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə