"Bu gün dünyada məişət zorakılığı çox surətlə yayılıb"

"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Uşaqları və gəncləri məişət zorakılığından qorumaq mühüm ictimai vəzifədir!” adlı tədbirin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın doğurduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində maarifləndirici tədbirlər həyata keçirməkdir". SİA-nın verdiyi məlumata görə, bunu “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə tədbirdə çıxışı zamanı deyib.

Qeyd edib ki, bu gün dünyada fiziki zorakılıq çox surətlə inkişaf edir. Məişət zorakılığının əsasını təşkil edən qadınlara və uşaqlara qarşı yönəlmiş zorakılıq, bərabərlik, tərəqqi və sülhə nail olmaq yolunda ən ciddi bir maneədir. Məişət zorakılığının başvermə səbəblərinə gəldikdə isə, buna ailənin gəliri, iqtisadi durumu, valideynlərin işləyib-işləməməsi təsir göstərir. Bəzi ölkələrdə, eyni zamanda ölkəmizdə də məişət və cinsi zorakılıq üstünlük təşkil edir. "Uşaq hüquqları konvensiyası" na qoşulmağımıza, "Uşaq hüquqları haqqında" qanunun qəbul olunmasına, Cinayət Məcəlləsində uşağı döyməyin cinayət məsuliyyəti hesab olunmasına baxmayaraq, hələ də valideynlər bu üsullardan istifadə edirlər. Uşaqlara qarşı edilən zorakılığın qarşısını almaq üçün cəmiyyətin hər bir fərdinin üzərinə böyük məsuliyyət düşür. Amma təəssüf ki, hələ də insanlar bu məsələlərə çox laqeyd yanaşırlar. Valideynlər anlamalıdırlar ki, uşaq onların mülkiyyəti deyil. Valideyn uşağın inkişafı, təhsili, tərbiyəsi, sağlamlığının müdafiəsi ilə məşğul olmalıdırlar. Uşaq hüquqlarını pozan bütün hallar uşaq zorakılığı sayılır. Böyüklərin uşaqlarla kobud rəftarı onların inkişafına, sağlamlığına və ləyaqətinə zərər vurur. Psixi və fiziki travmaya səbəb olan davranışlar – zorakılıq (fiziki, psixoloji, cinsi, iqtisadi), qayğısızlıq və etinasızlıq uşaqların həyatında ömürlük iz qoyur. Gələcək nəsillərin sağlam ruhda böyüməsi üçün regionumuzda bu mövzuda layihənin icrasını zəruri hesab etdik. Layihə çərçivəsində dörd şəhər və rayonda bu mövzuda tədbirlər keçirilməsi nəzərdə tutulub. (Bakı, Gəncə, Tərtər, Şəmkir).

Bütün xəbərlər Facebook səhifəmizdə