Ermənistanın hüquq-mühafizə orqanlarında sistemli korrupsiya var

Ermənilərin aktiv olduğu facebook səhifəsində Ermənistanın ictimai-siyasi, iqtisadi və digər sahələrini əhatə edən, bu istiqamətdə sosial şəbəkə istifadəçilərinin status və informasiyalar diqqət çəkir. Növbəti belə statusu aktiv sosial şəbəkə istifadəçisi, Helsinki Vətəndaş Assambleyasının Vanadzor üzrə bölməsinin sədri, hüquq-müdafiəçisi Artur Sakunç paylaşıb.

O, öz facebook statusunda bildirib ki, bu gün hüquq-mühafizə orqanlarında korrupsiya baş alıb getsə də, təəccüblüdür ki, indiyə qədər bu sahədə cinayətlər müəyyən edilməyib. Hüquq-müdafiəçisinin sözlərinə görə, Milli Təhlükəsizlik Xidməti, polis və prokurorluq əməkdaşlarına korrupsiya ittihamı ilə cinayət işi açılması halları ilə hələ qarşılaşmayıb.

“Yəqin bu qurumlarda çalışanlar yalnız vicdanla fəaliyyət göstərirlər”, – deyə ironiya edən Sakunç qeyd edib ki, ola bilsin hüquq-mühafizə sahəsində olduqca qüsursuz bir vəziyyət var. “Nədənsə bələdiyyə başçısı, məktəb və ya uşaq bağçasının müdiri, sosial xidmətlərin rəhbəri, rektor və direktor rüşvət üstündə həbs edilir və ya müəmmalı şəkildə istintaqdan yayınırlar. Bu məsələdə polis rəisi, prokuror və digər vəzifəli şəxslər onlara xüsusi rəğbətlə yardımçı olurlar. Yaxşı bəs elədirsə, hüquq-mühafizə orqanlarında rüşvət halları yoxdursa, necə olur ki, Ermənistanda korrupsiya sistemli və geniş yayılıb. Əgər bunlar varsa, deməli “qüsursuz” hüquq-mühafizə orqanları da sözügedən xəstəliyin yayılmasında birbaşa günahkardır”.

Bu arada ölkədə rüşvət tələbinin yüksək olduğunu bildirən hadisənin üstü açılıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti antikorrupsiya əməliyyatı çərçivəsində həyata keçirilmiş istintaq tədbirləri nəticəsində yüksək vəzifəli bir şəxsi rüşvət almaq ittihamı ilə həbs edib.

Əldə edilən ilkin məlumatlara görə, Ermənistanın Dövlət Gəlirlər Komitəsi özəl şirkətin sahibindən 1․000․000 dram rüşvət tələb edib. Qeyd edək ki, adı çəkilən şirkətin məsul işçiləri naməlum mənşəli nəqliyyat vasitələrinin istismarında istifadə olunan yağları, həmçinin digər sürtkü materiallarını emal etdikdən sonra yenidən şüşə qablara doldurub istehlakçılara satdığı barədə operativ məlumatlar əldə edilib.

Şirkətin anbarında edilən axtarışda “Səyyar”, “Lukoil”, “Qazpromneft” və digər tanınmış markalara aid müxtəlif ölçülü yağ dolu qablar, qablarda yağ və möhür hazırlayan avadanlıqlar, istifadə olunmamış etiketlər aşkar edilib. Şirkət direktorunun ofisində 9 mm kalibrli döyüş sursatı olan odlu silah və tapança tapılıb.

Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, iki şəxsə qarşı ittihamlar irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...